Hər il ölkəmizdə aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd edilir.
Akademik Zərifə xanım Əliyeva respublikamızda oftalmologiya elminin inkişafına mühüm töhfələr verib, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni həkimlər nəslinin yetişməsində müstəsna xidmətlərə malik insandır. O, yaddaşlarda xeyirxah və humanist əməlləri və unudulmaz xatirələri ilə qalıb.
2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən ənənəvi olaraq görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr edilmiş silsilə tədbirlər həyata keçirilir. Silsilə tədbirlər çərçivəsində YAP Nəsimi rayon təşkilatı, Nəsimi Rayon İcra Hakmiyyəti və “Respublika Qan Bankı” PHŞ-i ilə birgə qanvermə aksiyası təşkil edib. Aksiya yerli təşkilatın qərargahında keçirilib.
Aksiyada rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov belə xeyirxah aksiyada təmənnasız iştirak etdiklərinə görə partiya fəallarına minnətdarlığını bildirib. O, Azərbaycanın müstəqillik əldə etməsindən sonra xalqımızın öz milli dəyərlərinə qovuşduğunu diqqətə çatdıraraq, insanlarımızın könüllü şəkildə belə xeyirxah aksiyalarda iştirak etdiklərini vurğulayıb.
Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov nəcib missiyaya qoşulduqları üçün aksiya iştirakçılarına təşəkkürünü ifadə edib.
Qanvermə aksiyasında 250 nəfərdən çox partiya fəalı iştirak edib.