17 aprel 2025 23:26
188

Azıx Londondan dünyaya səsləndi

Bəşər sivilizasiyasının xilası naminə dağıdıcı müharibələrə, milli və etnik ədavətlərə, nüvə təhdidlərinə son verin!

Xəbər verildiyi kimi, İngiltərənin paytaxtı Londonda keçirilən Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi olub.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yenicə ingilis dilində nəşr olunmuş  kitabın təqdimat mərasimində dünyanın müxtəlif ölkələrindən Londonda akkreditə olunmuş diplomatlar, alimlər, media nümayəndələri və tarixə maraq göstərən digər xarici qonaqlar iştirak ediblər.

Təqdimat mərasimində  çıxış edən kitabın həmmüəllifi,  professor Əsədulla Cəfərov Azıx mağarasının təkcə Azərbaycan deyil, bütün dünya elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Beləliklə, müsahibimiz “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının həmmüəllifi,  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əsədulla Cəfərovdur.

- Əsədulla müəllim, Azərbaycanın axarlı-baxarlı Qarabağ bölgəsində yerləşən qədim Azıx mağarası  bu il mart ayının 11-də, necə deyərlər, “uzun yol qət edərək” Londona gəlib çıxdı və obrazlı şəkildə ifadə etməli olsaq buradan dünyaya səsləndi. Azıx , əgər belə demək mümkündürsə, Avropanın baş şəhəri Londona necə gedib çıxdı?

- Maraqlı sualdır. Zənnimcə, bu sualın düzgün cavabını tapmaq üçün öncə yaxın tariximizə qısa ekskurs etməyə ehtiyac var. Dünya arxeologiya elmində müstəsna yeri, mövqeyi olan Azıx düşərgəsi 1960-cı ilin iyul ayında professor Məmmədəli Hüseynovun bu ərazidə apardığı arxeoloji tədqiqatlar nəticəsində qeydə alınmışdır. Füzuli şəhərindən 17 kilometr məsafədə, dəniz səviyyəsindən 950 metr yüksəklikdə yerləşən Azıxda 1960-1986-cı illərdə intensiv arxeoloji qazıntılar aparılmışdır. Qarabağda erməni separatizminin baş qaldırması səbəbindən həmin vaxtdan burada tədqiqat işləri dayanmışdır.

1968-1974-cü illəri əhatə edən qazıntıların birinci mərhələsində, daha dəqiq desəm, 1968-ci ildə çox sonralar  cənab Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyi  professor Məmmədəli Hüseynov düşərgənin V təbəqəsində apardığı qazıntılar zamanı əmək alətləri ilə birlikdə Azərbaycan tarix elmini dünyada şöhrətləndirən unikal tapıntı-ibtidai  insanın alt çənə sümüyünün bir hissəsini tapmışdır. Biologiya elmləri doktoru, professor Dəmir Hacıyevin bu unikal tapıntı üzərində apardığı tədqiqatlar nəticəsində həmin çənə sümüyünün təqribən 350-400 min il bundan əvvəl Azərbaycanda yaşamış 30-35 yaşlı qadına məxsus olduğu müəyyən edilmişdir. Sonralar dünya arxeologiya elminə Azıxantrop adı ilə məlum olan bu unikal tapıntı “Avropanın ilk sakinləri” xəritəsinə salınmışdır.

Bu məqamda zəruri bir haşiyə çıxmaq istəyirəm. Elə həmin  vaxt Şagen Mkırtıçyan adlı üzdəniraq  “alim” İrəvanda nəşr etdirdiyi “Dağlıq Qarabağın memarlıq abidələri və tarix” adlı “kitab”ında  utanıb-qızarmadan, əsl erməni xislətinə uyğun yazırdı ki, 1968-ci ildə M.Hüseynovun rəhbərliyi ilə Azərbaycan alimlərinin apardıqları tədqiqat nəticəsində Azıx paleolit düşərgəsinin ikinci ən böyük salonundan guya qədim erməni qadınının heykəli tapılmışdır və onun paltarı da müasir erməni qadınının geyiminə bənzəyir. Təbii ki, həmin vaxt başda Məmmədəli Hüseynov olmaqla azərbaycanlı paleolitşünaslar gələcəkdə Azərbaycana qarşı əsassız ərazi iddialarına don geyindirmək məqsədilə tarixi saxtalaşdırmağa çalışan üzdəniraq erməni alimlərinin bu kimi yalan və iftiralarını danılmaz faktlarla ifşa etdilər.

- Bağışlayın, sözünüzü kəsməli oluram. Yəqin ki, siz “çox sonralar  cənab Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyi professor Məmmədəli Hüseynov” deyəndə dövlətimizin başşısının 2021-ci il martın 15-də  Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasını ziyarət edərkən söylədiyi fikirləri nəzərdə tutursunuz...

- Bəli, bəli, tamamilə doğrudur. Cənab Prezident məhz  o zaman bu qədimdən də qədim insan düşərgəsinin qarşısındakı nitqində demişdi: “Azıx mağarasının girişindəyik... Bu mağaranı azərbaycanlı alim, arxeoloq Məmmədəli Hüseynov 1960-cı ildə aşkar etmişdir və ondan sonra burada tədqiqatlar aparılmışdır. Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik... “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”

Yeri gəlmişkən, Prezident İlham Əliyevin Azıx mağarasını ziyarət etməsindən bir gün sonra 2021-ci il martın 17-də Ulu Tanrı mənə 33 illik ayrılıqdan sonra  yenidən Qarabağ torpaqlarına ayaq basmağı  nəsib etdi. Cənab Prezidentin Qarabağın işğaldan azad edilməsindən bir neçə  ay sonra 27 il yağı düşmən tapdağı altında qalsa da öz türk milliliyini, əzəmətini qoruyub saxlamış, adı “Avropanın ən qədim sakinləri” xəritəsinə salınmış Azıx mağarasını ziyarət etməsi, həmin ulu insan məskənini aşkara çıxarmış professor  Məmmədəli Hüseynovun əməyini xatırlatması bu unikal  düşərgənin tədqiqində xidmətləri olan bir arxeoloq-alim kimi qəlbimi sevinc və iftixar hissi ilə doldurdu. Birincisi, sevindim ona görə ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, artıq “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”  İkincisi, sonsuz iftixar hissi keçirdim o səbəbdən ki, Azərbaycan paleolitşünaslıq məktəbinin banisi, unudulmaz  müəllimim Məmmədəli Hüseynovun 26 il Qarabağ səmasında dolaşan narahat ruhu nəhayət rahatlıq tapmışdı.

1975-cü ildən etibarən Azıxdakı  6-cı təbəqənin aşağısında yerləşən çöküntülərdə aparılan qazıntılar zamanı 4 yeni təbəqə aşkara çıxarıldı. Məlum oldu ki, buradan əldə edilən 312 ədəd daş məmulatlarına indiyədək dünyanın heç bir paleolit düşərgəsində rast gəlinməyib. Məhz buna görə də professor Məmmədəli Hüseynov və digər alimlər Azıxdan tapılan nümunələrə Quruçay arxeoloji mədəniyyəti adı verdilər və hal-hazırda bu, dünya arxeologiya elmində də belə qəbul olunur. Bir vacib məqamı da xüsusi vurğulamalıyam ki, Azıxda aparılan tədqiqatların 1-ci mərhələsində yalnız Azərbaycan alimləri iştirak  etdikləri halda, 1975-1986-cı illəri əhatə edən 2-ci mərhələdə kompleks tədqiqat işləri o vaxtkı SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun laboratoriya  müdiri, professor Andrey Veliçkonun rəhbərliyi ilə tərkibində bizim alimlərimizin, o cümlədən mənim  də olduğum arxeoloqlardan, paleoantropoloqlardan, geoloqlardan, paleoantropoloqlardan və digər alimlərdən ibarət  komanda  tərəfindən davam etdirildi. Həmin dövrdə kompleks tədqiqat işlərinin nəticəsi olaraq Azıxın bütün təbəqələrində Quruçay, qədim Aşel, orta Aşel, son Aşel, Mustye mədəniyyətlərinə aid 10 min ədədə yaxın  daş məmulatı, 1 miyondan artıq heyvan və quş sümükləri tapıldı.

- Qeyd etdiniz ki, Azıxda tədqiqatların ilk iki mərhələsi 1960- 1986-ci illəri əhatə edir. Təbii ki, bu mərhələlər həmin illərdə Azıxda bilavasitə əyani şəkildə aparılan qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələrinə əsasən müəyyən edilib. Amma zənnimizcə, bu fikirləri 3-cü mərhələ haqqında söyləmək olmur. Ona görə ki, son mərhələnin əhatə etdiyi 1988-ci ildən ta 2020-ci ilin sentyabrına qədər yağı düşmən tapdağı altında olan Azıxda  nəinki tədqiqatlar aparmaq, hətta o məkana yaxınlaşmaq belə mümkünsüz idi. Belə olduğu halda sonuncu mərhələnin müəyyənləşdirilməsinin elmi əsaslarının olması yumşaq formada desək, reallığı əks etdirmir demək olarmı? Ümumiyyətlə, belə bir fikirlə razısınızmı?  

- Xeyr, qətiyyən razı deyiləm. Ən azı o səbəbdən ki, Ermənistanın hərbi təcavüzünün davam etdiyi 30 ildən artıq müddətdə Azıxa əlimiz çatmayıb, ünümüz yetməsə də biz, necə deyərlər, əl-qolumuzu yanımıza salıb sakit durmamışdıq. Bu kontekstdə öncə onu xüsusi vurğulayım ki, Azıxda arxeoloji qazıntıların ikinci mərhələsi başa çatdıqdan dərhal sonra, yəni 1986-cı ildən etibarən tədqiqatlarda iştirak etmiş  8  alimin - Məmmədəli Hüseynovun, Sabir Əliyevin,  Andrey Veliçkonun, Dəmir Hacıyevin, Əsədulla Cəfərovun, Ələşrəf Məmmədovun,  Manaf Süleymanovun və Naib Şirinovun iştirakı ilə böyük bir monoqrafiyanın yazılmasına başlanıldı.

Bir vacib məqamı da xüsusi vurğulamalıyam ki, mənim hələ  SSRİ dövründə Azıxda aparılan tədqiqatların 1-ci və 2-ci mərhələləri zamanı tapılan maddi-mədəniyyət nümunələri əsasında yazıb başa çatdırdığım  “Azərbaycanın orta paleoliti”  mövzusunda doktorluq dissertasiyam bütün tələblərə tam cavab versə də erməni lobbisi düz 10 il həmin dissertasiyanın təsdiqinə mane oldu. Nəhayət, 1999-cu ildə doktorluq dissertasiyamı çap etdirdim. Təsdiqdən əvvəl onu dünyanın tanınmış arxeoloqlarına, o cümlədən  Fransa, İspaniya, İtaliya, Hollandiya, Rusiya  və digər ölkələrin alimlərinə göndərdim. Dissertasiya işim həmin ölkələrdə, xüsusilə  dünya paleolit məktəbinin özəyi hesab olunan Fransada yüksək qiymətləndirildi.

Sizin reallığı əks etdirmir dediyiniz üçüncü mərhələnin ən mühüm xarakterik xüsusiyyəti ondan ibarətdir ki, Azıx düşərgəsinin elmi əhəmiyyətini nəzərə alan Fransa, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Azərbaycan, Gürcüstan alimləri birlikdə “İNTAS-2000” adlı Beynəlxalq Proqram hazırladılar. Həmin  proqram 2001-ci il iyulun 3-dən 5-dək Fransada keçirilən beynəlxalq konfransda təsdiq olundu. Mən özüm isə mənzil-qərargahı  Brüsseldə yerləşən Beynəlxalq İNTAS təşkilatının maliyyələşdirdiyi həmin proqramın Azərbaycan üzrə əlaqələndiricisi seçildim. Nəhayət, “İNTAS-2000” Beynəlxalq Proqramının Azərbaycan üzrə əlaqələndiricisi olaraq 2001-ci ilin iyulunda bir ay müddətinə Fransaya ezam edildim. Bu ölkənin müxtəlif şəhərlərində, o cümlədən  qədim insan məskənlərindən biri olan Totaveldə  Azərbaycanın Azıx, Tağlar və digər paleolit düşərgələrindən tapılmış maddi-mədəniyyət nümunələri haqqında sistemli elmi məruzələrlə çıxış etdim. Həmin ilin sentyabr-oktyabr aylarında mənim dəvətim əsasında görkəmli  fransalı  arxeoloq Henri Dölümleyin rəhbərliyi ilə Avropanın, o cümlədən  Fransanın, İtaliyanın, İspaniyanın dünya şöhrətli 25 arxeoloq-alimi  Bakıya gələrək  Azıxdan, Tağlardan və Azərbaycanın digər paleolit düşərgələrindən tapılmış maddi- mədəniyyət qalıqları ilə əyani şəkildə  tanış oldular və  həmin nümunələrin birgə tədqiqatını apardıq.  2003-cü ilin fevralın 1-dən martın 31-dək məni yenidən 2 ay müddətinə Fransaya dəvət etdilər. Burada yenidən birgə tədqiqatlar  apardıq. Avropalı alimlərlə birgə apardığımız tədqiqatlar sübut etdi ki, Quruçay-Köndələnçay çaylarının sahillərində ibtidai insanların məskunlaşma tarixi əvvəllər təxmin edildiyi kimi 1,5 milyon il deyil, ən azı 2-2,5 milyon ilə bərabərdir. Bütün bunlar birinci sualınızda yer alan Azıx mağarasını 2025-ci ilin martında Londona gətirib çıxaran uzun yolun çətin mərhələləri idi.

- Bu baxımdan “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabını bu qədim insan məskənini Londona aparan yolun son və ən uğurlu mərhələsi hesab etmək olarmı?

- Əlbəttə, olar. Yuxarıda haqqında bəhs etdiyim 8 nəfər görkəmli tədqiqatçı alimin uzun illər ərzində aparılan gərgin  araşdırmaların nəticəsi olaraq ərsəyə gətirdikləri  415 səhifəlik bu monoqrafiya yalnız 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü, o cümlədən Azıxda suverenliyini bərpa etdikdən sonra kitab şəklində rus dilində nəşr olunaraq dünyanın tanınmış alimlərinə göndərildi. Bu unikal kitab çox qısa müddətdə bütün dünyada geniş əks-səda doğurdu və bundan sonra beynəlxalq aləmdə Azıxa maraq daha da artdı. Sual oluna bilər: nə üçün? Cavabı çox sadədir. Ona görə ki, məhz bu mükəmməl monoqafiyada əks olunan  Azıxdan tapılan maddi-mədəniyyət qalıqları sayəsində  həm qədim insanların  Qafqazda formalaşmasını, həm onların miqrasiya proseslərini, həm istifadə etdikləri əmək alətlərinin tipoloji xüsusiyyətlərini, həm ovçuluq təsərrüfatlarını,  həm də odun meydana gəlmə tarixini öyrənmək mümkündür.

Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu  nəzərə alan Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə 10 fəsildən ibarət olan   bu monoqrafiya qısa müddətdə ingilis dilinə tərcümə edilərək 2024-cü ilin oktyabrında 1000 nüsxə tirajla nəşr olundu. Xüsusilə təqdirəlayiqdir ki, bu unikal nəşrin ilk təqdimatı məhz Avropanın ən gözəl məkanında - Londonda keçirildi. Eyni zamanda, martın 11-dən 14-dək Londonun Olimpiya Mərkəzində dünyanın  60 ölkəsindən 2 mindən artıq mütəxəssislər, diplomatlar, nazirlər, jurnalistlər, tarixçilər, arxeoloqlar Beynəlxalq Kitab Sərgisinin proqramına uyğun olaraq burada nümayiş etdirilən “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabı ilə ətraflı tanış oldular.  Qeyd etdiyim kimi, bu kitab həm mötəbər beynəlxalq sərgidə nümayiş etdirildi, həm də ona aid xüsusi tədbir, yəni nəşrin təqdimat mərasimi  keçirildi. Mən də kitabın həmmüəllifi olaraq Mədəniyyət Nazirliyinin və Böyük Britaniyadakı səfirliyimizin dəvəti ilə həmin mərasimə qatıldım və geniş çıxış etdim. İngilis dilində sinxron tərcüməsi səsləndirilən 17 dəqiqəlik çıxışım iştirakılar tərəfindən maraqla  dinlənildi və dəfələrlə alqışlandı. Şübhəsiz, tədbir iştirakçılarının, xüsusilə İngiltərədən, Türkiyədən, Banqladeşdən, Səudiyyə Ərəbistanından  və digər ölkələrdən olan qonaqların çıxışından sonra mənə Azıxla bağlı  çoxsaylı suallar ünvanlamaları bu ulu insan məskəninə böyük beynəlxalq maraqdan irəli gəlirdi.  

Təqdimat mərasimində mən  76 illik həyatının böyük hissəsini elmə, kitab yazmağa  həsr etmiş bir alim və tədqiqatçı  kimi  bir daha kitabın gücünə, qüvvəsinə heyran oldum. Sən kitabın sehrinə, gücünə bax ki, dilindən, dinindən, cinsindən, irqindən, rəngindən  asılı olmayaraq  dünya xalqlarını bir amal, bir məqsəd, yəni bəşər sivilizasiyasına sonsuz hörmət, rəğbət orbitində birləşdirməyi bacarır. Mərasimdə 35-dən artıq ölkənin nümayəndəsinə mənim imzamla  “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabı hədiyyə olundu.

Fürsətdən istifadə edərək bu unikal kitabın dünyanın bütün xalqlarının əsas ünsiyyət vasitəsi olan ingilis dilinə tərcümə olunub nəşrinə və onun Avropanın döyünən ürəyi Londonda təqdimatının təşkilinə görə Mədəniyyət Nazirliyinin rəhbərliyinə, eyni zamanda, səfir Elin Süleymanov başda olmaqla Böyük Britaniyadakı səfirliyimizin əməkdaşlarına dərin minnətdarlığımı bidirirəm.

- Əsədulla müəllim, söylədiklərinizin fonunda obrazlı şəkildə  belə  bir fikir ifadə olarmı ki, martın 11-də qədim sivilizasiyanın beşiklərindən sayılan, ən yaxın tariximizdə özü erməni vandalları tərəfindən misli görünməmiş vəhşi üsullarla işğala məruz qalan  Azıx amansız  müharibələrin, sonu görünməyən milli və etnik münaqişələrin, nüvə təhdidlərinin taqətdən saldığı çağdaş dünyamıza Londondan ümumbəşəri dəyərləri qorumaq çağırışı etdi, başqa sözlə, Azıx planetimizi sivilizasiyanın məhvinə sürükləyən amansız  müharibələrə, milli münaqişələrə, nüvə təhdidlərinə son vermək tələbi ilə Londondan dünyaya səsləndi...

- Nəinki olar, hətta mən deyərdim ki, belə bir fikrin ifadə olunması çox vacibdir. Öncə sualınızda yer alan işğal illərində erməni vandallarının Azıxda törətdikləri vəhşiliklərlə bağlı zəruri bir haşiyə çıxmaq istəyirəm. Yuxarıda qeyd etdiyim kimi, 2021-ci il martın 17-də işğaldan yenicə azad olunmuş Azıxı ziyarət edən zaman gördüyüm mənzərə məni dəhşətə gətirdi. Görünən dəhşətli mənzərə o idi ki, 2001-ci ildən 2019-cu ilə qədər qondarma erməni “tədqiqatçıları” və xarici ölkələrin erməni mafiyasına xidmət edən  üzdəniraq “mütəxəssisləri” arxeoloji tədqiqatlar adı altında bəşər sivilizasiyasının ilk beşiklərindən olan bu mağaranı  əsl goreşənlərə xas üsullarla  eşməklə Azıxın stratiqrafiyasına dağıdıcı zərbə vurublar.  Vandallar  vaxtilə bizim arxeoloji tədqiqat apardığımız  cənub giriş yolunda stratiqrafiyanı tamamilə dağıdıblar. Ondan 15-20-35 metr aralıda yerləşən  ikinci sahədən isə erməni quldurları 1991-1999-cu illərdə silah anbarı kimi istifadə ediblər. Azıxın şimal yolundan 10 metr cənuba doğru ərazidə düşmən tərəfindən partladılan qumbara mağaranın  bir hissəsinin tavanını  dağıdıb. Bir sözlə, işğal dövründə Azıxın başına gətirilənlər çox dəhşətli, ürəkparçalayan  mənzərə qoyub ortaya.

Otuz il davam edən erməni işğalından sonra indi bizim əsas vəzifəmiz Azıxı əvvəlki görkəminə qaytarmaqdan və gələcək nəsillər üçün saxlamaqdan ibarətdir.  Çünki orada elə təbəqələr var ki, qədim və orta Aşel mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri tükənmək üzrədir. Ona görə də onları göz bəbəyi kimi qorumaq gərəkdir. Eyni zamanda, hesab edirəm ki, Azıx dövlət səviyyəsində qoruğa  çevrilməlidir. Çünki dünyada Azıxın bənzəri olan ikinci paleolit düşərgəsi  yoxdur. Bu, Londonda keçirilən təqdimat mərasimində  də dönə-dönə bəyan edildi.

- Təqdimat mərasimi ilə bağlı informasiyada maraqlı bir məqam diqqətimizi cəlb etdi. Təklif olunurdu ki, “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının Parisdə  UNESCO səviyyəsində təqdimatı keçirilsin. Deyə bilərsinizmi, bu təşəbbüs necə meydana çıxdı?

- Kitabın UNESCO səviyyəsində təqdimatının keçirilməsi  Mədəniyyət Nazirliyinin və AMEA-nın təşəbbüsüdür. Artıq bu qurumlar tərəfindən UNESCO-ya müvafiq müraciət də göndərilib. Təklif olunub ki,  “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının  sözügedən beynəlxalq mədəniyyət təşkilatında təqdimatı keçirilsin və bu qədim insan düşərgəsi UNESCO-nun Bəşəriyyətin Mədəni İrsi Siyahısına daxil edilsin. Azıxın 2026-cı ildə UNESCO-nun həmin siyahısına daxil ediləcəyinə heç bir şübhəmiz yoxdur.

- Sizcə, Böyük Britaniya kimi nüfuzlu dövlətin paytaxtında  “Azıx mağarası – Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının  təqdimatının keçirilməsi Azərbaycan üçün daha nə deməkdir?

-Bir tədqiqatçı alim kimi hesab edirəm ki, bu, Azərbaycan üçün hər şey deməkdir. Azıx mağarasına həsr olunmuş belə bir nəşrin İngiltərənin paytaxtında ingilis dilində təqdimatının keçirilməsi xalqımızın, dövlətimizin, elmimizin ən böyük nailiyyətlərindən biridir. Bu, eyni zamanda,Vətən müharibəsində tarixi Zəfərimizin təntənəsidir. Fikrimcə, xarici ölkələrdə belə tədbirlərin keçirilməsi həm də Azərbaycan elminin və mədəniyyətinin, Azərbaycan həqiqətlərinin dünyada təbliği deməkdir. Unutmayaq ki, bu gün ən gərgin, ən təlatümlü dövrünü yaşayan bəşəriyyəti elm, mədəniyyət və əxlaq xilas  edəcəkdir. Böyük Nizami demişkən: “Qüvvət elmdədir, başqa cür kəs, heç kəsə üstünlük eyləyə bilməz”. Azıxın London təqdimatı bunu bir daha sübut etdi.

Müsahibəni apardı:

Əhməd Qurbanoğlu, “İki sahil”