11 aprel 2025 22:23
350

2024-cü il üzrə qazma, hasilat, emal və ixrac göstəriciləri

SOCAR tərəfindən ötən il 7,5 milyon ton neft, 7,7 milyard kubmetr qaz hasil edilib, 5,8 milyon ton neft, 3,4 milyard kubmetr qaz emal olunub

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfələri ilbəil artmaqdadır. Ölkəmiz son illərdə bu məsələdə mühüm rol oynayır. Prezident İlham Əliyevin uğur­la həyata keçirdiyi enerji siyasəti ölkəmizi ümumiyyətlə bütün dünyada əhəmiyyətli regional oyunçuya çevi­rib.

Dünyanın ən qədim neft istehsalçıları arasında önəmli mövqe tutan və artıq beynəlxalq brendə çevrilən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirdiyi optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində 2024-cü ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub.

Ümumilikdə isə 2024-cü ildə Azərbaycanın neft-qaz sektorunda böyük nailiyyətlər əldə olunub, karbohidrogen məhsullarının ixracı potensialı artıb.

SOCAR-dan verilən məlumata görə, Şirkətin gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.

SOCAR-ın müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,5 milyon ton neft, 7,7 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatında artım tendensiyası davam edib və 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 4,4% artaraq, 50,4 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, il ərzində Azərbaycanda 29 milyon tondan çox xam neft hasil olunub.

Energetika Nazirliyinin məlumatına görə, respublikada ümumilikdə ötən il ərzində 29,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 16,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 4,2 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,6 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,5 milyon ton təşkil edib.

2024-cü ildə respublikada 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən 2 milyard kubmetr artımla qaz hasil edilib.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,6 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 6% artaraq 25,3 milyard kubmetr olub.

SOCAR-dan verilən məlumata görə, hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 1,7% artaraq 13,7 milyard kubmetr təşkil edib.

2024-cü ildə Dövlət Neft Şirkəti tərəfindən 5,8 milyon ton neft, 3,4 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,3 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları həcmində 2,8% artım müşahidə olunub.

Orxan Vahidoğlu, “İki sahil”