10 aprel 2025 11:00
187

Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik

Aprelin 4-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü  iclasları keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir. Çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası 11-ci dəfədir Bakıda toplaşır.

Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki  əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışına davam edərək bildirdi ki, enerji şirkətimiz - Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlolunma, həm də çatdırılma ilə məşğuldur. Uzun illər ərzində Azərbaycan etibarlı  tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli  nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bizim Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir : “Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Qeyd etdiyim kimi, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik. Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq.”

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri