Bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
O, əlavə edib ki, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində Azərbaycanın Avropaya yaşıl enerji ötürəcək dənizaltı kabel layihəsinin texniki əsaslandırmasının son mərhələdə olduğu qeyd edilib. Dövlətimizin başçısı vurğulayıb ki, tam başa çatandan sonra birmənalı olaraq maliyyələşmə ilə bağlı praktiki danışıqlar başlayacaq: “Avropa ölkələri çox geniş yaşıl gündəliyə baxmayaraq, ənənəvi yanacaq növlərinin hələ uzun müddət enerji təhlükəsizliyinin mühüm meyarı olaraq qalacağını nəzərdən qaçırmamalı və faydalı qazıntı hasilatçılarını ayrı-seçkiliyə məruz qoymamalıdırlar”.
Toplantıda 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin qatılması, məsələnin mahiyyətinə dəlalət edir: "Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi artıq 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə qaz nəql edir. Layihənin əsas komponentləri olan TANAP və TAP boru kəmərləri vasitəsilə Azərbaycanın “Şahdəniz” qaz yatağından çıxarılan təbii qaz Avropanın enerji təhlükəsizliyinə real töhfə verir. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi Azərbaycanın qaz ixracı yalnız miqyas baxımından deyil, həm də sabitlik və etibarlılıq baxımından Avropa üçün strateji əhəmiyyət daşıyır."
Müşfiq Məmmədli vurğulayıb ki, Azərbaycanın “Yaşıl enerji” ailəsinin üzvlərinin iclasda böyük bir investorlar qrupunda təmsil olunması “yaşıl enerji”nin aktual və gündəmdə ön plana çıxaraq yeni beynəlxalq platformaya çevrildiyini göstərir: "Ölkəmiz “yaşıl enerji” sahəsində böyük potensiala malikdir. “Yaşıl enerji”nin yeni trayektoriyası olan işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun ekosisteminin bərpası da nikbin perspektiv vəd edir. Mövcud dəyərləndirmələrə əsasən, Qarabağ və Şərqi-Zəngəzurda hidroenerji, külək və günəş enerjisi, termal su mənbələrinin həcmi ölkə üzrə resursların təxminən 30-40 faizini təşkil edir. Həmin iqtisadi rayonlarda enerji gücünün həcmləri 7200 MVt-dan artıq qiymətləndirilir. Təkcə Laçın və Kəlbəcərin dağlıq ərazilərində külək enerjisinin 2000 MVt həcmində texniki potensialının olduğu proqnozlaşdırılır. Hidroenerji ehtiyatlarına görə Tərtərçay, Həkəri çayı və bu çayların qolları əsas resurs mənbələri hesab olunur."- Deputat deyib.