Tərkibində şəkər, süni dadlandırıcılar və kofein olan içkilərin həddindən artıq istehlakı piylənmə, şəkərli diabet, diş çürüməsi, mədə və yuxu problemlərinə səbəb ola bilər.
Şirin qazlı içkilər bu gün bir çox insanın, xüsusən də uşaqların qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Onların parlaq rəngli qablaşdırmalarını tez-tez mağaza rəflərində görürük. Onlar susuzluğu yatırmağı və həzz verməyi “təklif edirlər”. Lakin bunun arxasında sağlamlıq üçün real təhlükə dayanır.
Rusiyalı mütəxəssis, televiziya həkimi Aleksandr Myasnikov öz müəllif tok-şousunda bu haqda danışıb. O bildirib ki, artıq bir çox insanlar sodanın piylənməyə və şəkərli diabetə səbəb ola biləcəyini bilirlər. Lakin bu içkinin bədənə təsiri daha genişdir - qan damarlarının və daxili orqanların iltihabına səbəb olur, bu da ürək xəstəliklərinin və hətta xərçəngin inkişaf riskini artırır. Söhbət təkcə şəkərdən getmir - bir çox müasir içkilərin tərkibində şəkər əvəzediciləri var və mütəxəssislərin fikrincə, onlar da eyni dərəcədə təhlükəli ola bilər. Ümumdünya Səhiyyə Təşkilatı deyir ki, hətta bu əvəzedicilər də xərçənglə əlaqəli ola bilər.
Ancaq bu hamısı deyil. Şirin qazlı suların zərəri yalnız şəkərin və ya onun əvəzedicilərinin olması ilə məhdudlaşmır. Bu cür içkilərin istehlakı onların kalorililiyindən asılı olmayaraq uzunmüddətli sağlamlıq nəticələri ilə əlaqələndirilir. Meksika kimi qazılı su istehlakı yüksək olan ölkələrdə diabet və xərçəng kimi ağır xəstəliklərin nisbətləri həyəcanverici bir sürətlə artır.
Xüsusilə narahatlıq doğuran isə uşaqlarda yaranan asılılıqdır. Kiçik uşaqlar tez-tez qazlı su içmək istəyirlər. Bütün dünyada bir çox valideynlər gündəlik olaraq bununla üzləşirlər və bu cür asılılıqla necə mübarizə aparmaq sualı onları düşündürür. Bəzi ekspertlərin fikrincə, yeganə yol qazlı içkilərdən qəti şəkildə imtina etməkdir. Təəssüf ki, başqa üsul yoxdur.
“Bəlkə də vərdişlərimiz haqqında düşünməyin vaxtıdır. Bir stəkan qazlı su əvəzinə, bir qaşıq şəkərlə bir fincan çay içə bilərsiniz. Bu, daha təhlükəsiz və daha sağlam olacaq. Çünki şəkərin tərkibinə ən azından kimyəvi gücləndiricilər və dadlandırıcılar qatılmır”, -deyə Myasnikov bildirib.
Nubar Süleymanova, “İki sahil”