Bu ilin yanvar-mart aylarında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus tankerlərlə ümumilikdə 1 milyon 034 min 039 ton maye yük (xam neft və neft məhsulu) daşınıb.
“İki sahil” ASCO-ya istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 73 min 243 ton və ya 7,6 % çoxdur.
Bu dövrdə bərə gəmiləri ilə daşınan vaqonların sayı 7 905 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 9 050 ədəd olub. Bu, 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq 942 ədəd (10,6 %) və 100 ədəd (1,1 %) azdır.
Hesabat dövründə universal quru yük gəmiləri ilə 441 min 322 ton yük daşınıb. Bu da ötən ilin ilk rübünün göstəricilsi ilə müqayisədə 286 min 334 ton (2,8 dəfə) çoxdur.
Xatırladaq ki, 2024-cü ilin ilk üç ayında ASCO-ya məxsus tankerlərlə ümumilikdə 960 min 796 ton xam neft və neft məhsulu çatdırılıb. Bu dövrdə bərə gəmiləri ilə 8 847 ədəd vaqon daşınıb. Həmçinin 8 535 ədədi TIR, 615 ədədi minik maşını olmaqla, gəmi-bərələrlə 9 150 ədəd avtonəqliyyat vasitəsi aparılıb.
Hesabat dövründə universal quru yük gəmiləri ilə daşınmaların payı isə 154 988 ton olub.