6 Aprel tarixində Mingəçevir şəhərində səhiyyə işçiləri və tibb tələbələrinin iştirakı ilə “Sağlamlığa Doğru Qaç!” adlı kütləvi qaçış yarışı keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA), Azərbaycan Atletika Federasiyası (AAF) və Zəfər Qaçış Klubunun birgə əməkdaşlığı ilə baş tutub.
Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gülqoyma mərasimi ilə başlayıb, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış iştirakçılarına layihənin məqsədləri barədə məlumat verilib.
Layihə 17 iyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunub. Məqsəd – tibb işçilərinin fiziki sağlamlığını təşviq etmək, onların asudə vaxtlarını dəyərləndirmək, həmrəylik və dostluq münasibətlərini möhkəmləndirməkdir.
Yarışda Mingəçevirlə yanaşı Ağdaş, Ucar, Yevlax, Goranboy və Göyçay rayonlarından olan səhiyyə işçiləri də iştirak ediblər. 5 km məsafəni uğurla tamamlayan iştirakçılar arasında ilk üç yerin qalibləri diplom və hədiyyələrlə təltif olunub.
Bədii hissədə Mingəçevir Tibb Kollecinin tələbəsinin milli rəqsi tədbirə rəng qatıb. Sonda iştirakçılara çay süfrəsi təqdim olunub.
“Sağlamlığa Doğru Qaç!” layihəsi bir daha sübut etdi ki, idman sağlam həyatın təməlidir, birliyimizin isə güzgüsüdür!