04 aprel 2025 13:42
175

Bu il çiyələk əkinlərinin aqrar sığortalanmasına başlanılıb

Azərbaycanda meyvə bağları və giləmeyvə əkinlərinin dövlət dəstəkli sığortalanması prosesi davam edir. Artıq ölkə üzrə çiyələk əkinlərinin aqrar sığortasına başlanılıb.

“İki sahil” xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ölkəmizdə çiyələk plantasiyalarının sahəsi ildən-ilə artır. Belə ki, 2023-cü ildə 313 hektar, 2024-cü ildə isə 221 hektar yeni çiyələk bağı salınıb. Hazırda Azərbaycanda 4256 hektar sahədə çiyələk və digər giləmeyvə növləri əkilib. Bu əkinlərin 4 min hektarı artıq bara düşüb.

Qeyd olunub ki, çiyələk ən çox Cəlilabad (600 hektar), Lənkəran (360 hektar), Masallı (300 hektar), Şəmkir (300 hektar) rayonları ərazisində əkilir.

Çiyələk plantasiyalarında illik orta məhsuldarlıq 10 ton / hektara yaxın təşkil edir. Cəlilabad rayonu üzrə ötən il rekord səviyyədə - 32 ton/hektar orta məhsuldarlıq qeydə alınıb.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmi çiyələk əkinlərini çoxsaylı risklərdən – dolu, doludan keyfiyyəti itkisi, fırtına-qasırğa, sel-subasma, 3-cü şəxslərin hərəkəti, vəhşi heyvanların hücumu və digər hadisələrdən sığortalayır.

Fermerlər əkinlərini sərfəli şərtlərlə, cüzi ödəniş etməklə sığortalaya bilirlər. Sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. Ümumilikdə isə

1000 manatlıq çiyələk məhsulunun sığortalanması fermerlərə Lənkəran-Astara regionunda 14,7 manata, Mərkəzi Aran regionunda 14,2 manata, Qazax-Tovuz regionunda 30,7 manata, Quba-Xaçmaz regionunda isə 16 manata başa gəlir.

Aqrar sığorta məhsulları, əkinlərin və heyvanların sığortalanması şərtləri və sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən (asf.gov.az), eləcə də 1651 Çağrı Mərkəzinə müraciət etməklə almaq mümkündür.