01 aprel 2025 08:14
186

Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Haaqada ucaldılan Xocalı soyqırımı abidəsi önündə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı qurbanlarının xatirəsi anılıb.

“İki sahil” xəbər verir ki, 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə keçirilən anım mərasimi soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının rəhbəri Mayisə Ağamirzəyeva Xocalı soyqırımının Niderlandda tanınması istiqamətin görülən işlərdən danışıb, bu məsələ ilə bağlı Niderland parlamentində keçirilmiş görüşü xatırladıb. Niderlanddan və digər Avropa ölkələrindən olan soydaşlarımızın soyqırımının tanıdılması üçün apardıqları işlərdən danışıb.

Azərbaycanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə Ermənistanın Azərbaycana hərbi təcavüzündən, eləcə də ərazilərimizin işğalı dövründə azərbaycanlı əhaliyə qarşı törədilmiş Xocalı soyqırımından, ermənilərin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı siyasətindən danışıb.

XX əsrin əvvəllərində ermənilərin xalqımıza qarşı dəfələrlə kütləvi qırğınlar törədiblər. Ancaq tariximizə Mart soyqırımı adı ilə düşən və qanla yazılan bu faciə unudulması və bağışlanması mümkün olmayan bir hadisədir. 1918-ci ilin martında başlayan Bakı qırğınları bu soyqırımının sonu deyildi. Azərbaycanın bir çox şəhərlərində, eləcə də Qərbi Azərbaycan ərazisində azərbaycanlılara qarşı qətliamlar törədildi. Xalqımıza qarşı soyqırımı aktı, eləcə də etnik təmizləmə siyasəti sonrakı illərdə də davam etdi. 1992-ci ildə Xocalı faciəsi soyqırımının kulminasiya nöqtəsi oldu. Bu gün Azərbaycanın istənilən təhdidi zərərsizləşdirməyə hazır güclü ordusu, qalib xalqı və Müzəffər Ali Baş Komandanı var. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun sayəsində torpaqlarımız azad edildi.

Anım tədbirində Almaniya və Niderlanddakı diaspora rəhbərləri də çıxış edərək, Xocalı soyqırımı, eləcə də əsrin əvvəlində azərbaycanlılara qarşı törədilən 31 Mart soyqırımı qurbanlarının ədalətə layiq olduqlarını bildiriblər.