30 mart 2025 15:08
245

31 mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək

1918-ci il 30 mart-3 aprel tarixlərində azərbaycanlılara qarşı erməni faşistləri tərəfindən törədilmiş soyqırım aktından 107 il ötür. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Soyqırımın davamı olaraq sonrakı illərdə də erməni qətliamçıları qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər ərazilərimizdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. Bu qanlı faciə Bakı Sovetinin 6 min silahlı əsgəri ilə yanaşı həmçinin “Daşnaksütun” partiyasının 4 minlik silahlı dəstəsi tərəfindən törədilmiş, silahlı erməni bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edilmiş, uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir.

Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçıların apardığı araşdırma nəticəsində məlum olub ki, təkcə Şamaxıda baş vermiş hadisələr nəticəsində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirilib, 18 min nəfərdən çox şəxs isə yurd-yuvasından didərgin düşüb.

Bundan başqa Qubada törədilən qırğınlar zamanı ümumilikdə 4000 nəfərdən artıq soydaşımızın qətlə yetirildiyi bildirilir. Bu soyqırım nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev yandırılmışdır. 

Bu soyqırımın ilk siyasi-hüquqi qiymətini Ulu Öndər Heydər Əliyev verib. 1998-ci il martın 26-da azərbaycanlıların soyqırımı haqqında mühüm bir fərman imzalayıb. Bu fərmanın imzalanması törədilən vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə olub. Ulu Öndərin tapşırıqları ilə sonrakı dövrlərdə də bir sıra vacib tədbirlər həyata keçirilib. Bu tədbirlərin mayasında erməni vəhşiliyini açıb göstərmək, onların hansı xislətə malik olduğunu dünyaya bəyan etmək və geniş şəkildə təbliğat aparmaq məqsədi daşıyır.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev 2009-cu ildə Qubada törədilmiş soyqırımı faktı olan kütləvi məzarlıq üzərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar verib və 2013-cü ildə sentyabrın 18-də həmin kompleks açılıb. Bu tədbirlərin görülməsi erməni faşizminin ifşası və həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün böyük əhəmiyyətə malik olan təşəbbüslərdir.

31 mart soyqırımı bəşəriyyət tarixində bir faciə kimi qalmaqla yanaşı, həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Buna görə də, 31 mart hadisələri Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki onlara qarşı törədilən cinayətlərin cavabı verilib. Azərbaycan xalqı uzun illər erməni təcavüzkarları tərəfindən məğlubiyyətə uğradılmanın acısını ürəyində daşıyıb. Bugünkü gündə torpaqlarımızın azğın düşməndən azad olunması, suverenliyimizin tam təmin olunması, 44 günlük müharibədə, 23 saatlıq antiterror tədbirlərində əldə olunan parlaq qələbələr göstərir ki, heç vaxt Vətən uğrunda şəhid olan həmvətənlərimizin qanı yerdə qalmayacaq. İstər bütün soydaşlarımızın, istərsə də Birinci və İkinci Qarabağ Müharibəsi şəhidlərinin ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

Anar Məmmədov,

Milli Məclisin deputatı