29 mart 2025 21:32
315

Bakı Təşəbbüs Qrupunun  dekolonizasiyaya növbəti töhfəsi - TƏHLİL

Fransa və Niderland tarixən yeni ərazilər ələ keçirmək, bu və ya digər bölgədə möhkəmlənmək uğrunda mübarizə aparıblar. Bərabərlik, insan hüquqları və azadlıq kimi prinsiplərə sadiqliyini beynəlxalq tribunalardan bəyan edən bu dövlətlər hazırda Afrika ölkələrinin bir hissəsini hələ də nəzarətlərində saxlayırlar. Şübhəsiz, Fransa və Niderlandın neokolonializmi onların tarixi müstəmləkə irsinin davamıdır. Lakin müasir dünyada bu strategiyalar artan müqavimətlə üzləşir. Belə ki, bir çox tərəqqipərvər ölkələr Afrika ölkələrinin hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir.

Azərbaycan isə onların müstəmləkəçilik siyasətinə qarşı ən aktiv mübarizə aparan bir ölkə kimi tanınır. Elə martın 29-da Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən – Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələrinin iştirakı ilə paytaxtımızda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda da bu dəfələrlə vurğulanıb. Belə ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Marten Jan-Pyer BTQ-nin kolonializmlə mübarizədə nümunəvi şəkildə dəstək göstərdiyini vurğulayıb: “BTQ nümunəvi şəkildə bizə dəstək göstərir… Biz bütün ölkə və beynəlxalq təşkilatları, qeyri-hökumət təşkilatlarını Bakı Təşəbbüs Qrupunun gördüyü işlərə şahid olmağa dəvət edirik. BTQ-nin fəaliyyəti örnək olmalıdır”. 

Qvadelupanın Beynəlxalq Qaradərili Xalqlar Komitəsinin (ICBN) rəhbəri Jaklin Defonten BTQ-nin sayəsində dekolonizasiyaya nail olunacağına ümid etdiyini vurğulayıb. Boneyr təmsilçisi, “Pueblo Progresivo Uni”nin katibi Robert Striks BTQ-nin azsaylı xalqların problemlərini dilə gətirərək dünyaya çatdırılmasında kömək göstərdiyinə görə təşəkkürünü bildirib. “Yeni Kaledoniya Sakit Okean İcmaları və Mədəniyyətləri Evi” (NCMCP) assosiasiyasının katibi Yevgeniy Tetuanui isə bildirib ki, biz Fransa diktaturasına “yox” deməli, axmaq, narsist davranışlarla mübarizə aparmalıyıq: “Hər birimiz təhdidlə üz-üzəyik. Makronun siyasi mövqeyinə qarşı çıxmalıyıq. Bakı bizə imkan verir ki, səsimiz eşidilsin”. 
Elə bu kimi səbəblərdən də istər Cənubi Qafqazda möhkəmlənmək istəyən Fransa, istərsə də Niderland ölkəmizə qarşı hədyanlar yağdırmaqda davam edirlər.  Bununla da Azərbaycanın bölgədə yaratdığı tarixi reallıqları həzm etməkdə çətinlik çəkirlər. Məsələn, martın 13-də Niderland Krallığının xarici işlər naziri Kaspar Veldkampın və onun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin belə bir həssas dönəmdə Avropa İttifaqının (Aİ) Ermənistanda yerləşdirilmiş mülki adlanan yarımhərbiləşmiş monitorinq missiyasının müşayiəti ilə Azərbaycanla sərhəd bölgəsinə səfərinə nə ad vermək olar? Şübhəsiz, Cənubi Qafqazda suların durulmasını imkan verməmək. Yaxud ermənipərəst Fransanın Azərbaycanı onun daxili işlərinə qarışmaqda, dənizaşırı ərazilərə müdaxilədə, müstəqillik tərəfdarlarını dəstəkləməkdə, hibrid müharibə aparmaqda günahlandırmasına nə ad vermək olar? Şübhəsiz, bu kimi addımlarla həm Fransa, həm də Niderland özlərinin müstəmləkə siyasətlərini ört-basdır etməyə cəhdlər edirlər.  Odur ki, Fransanın, Niderlandın neokolonial siyasətinə qarşı Azərbaycanın liderliyi ilə başlanan mübarizə  bu ölkələrdə ağrılı bir şəkildə qəbul olunur.
Tədbir çərçivəsində, həmçinin Bakı Təşəbbüs Qrupu ilə Qvadelupanın Azadlığı Naminə Xalq Birliyi arasında strateji əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin baş katibi Jan-Jakob Bisep ilə BTQ-nin icraçı direktoru Abbas Abbasov imzalayıblar. BTQ bununla da dekolonizasiyaya növbəti töhfəsini verib. Bununla yanaşı, beynəlxalq konfrans çərçivəsində sərgi açılıb. Sərgidə Fransanın müstəmləkəçilik siyasətinin fəsadlarını əks etdirən fotolar, eləcə də Fransa Prezidenti Emmanuel Makronun karikaturaları yer alıb. Fotolarda Fransanın müxtəlif vaxtlarda müstəmləkə ölkələrində törətdiyi insanlığa sığmayan cinayətlər, kolonializmin qurbanları, siyasi məhbuslara diqqət çəkilib.
Məlumat üçün qeyd edək ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” mövzusunda konfransın iştirakçıları tərəfindən yaradılıb. Bu qurum indiyədək  20-dən çox  beynəlxalq tədbir təşkil edib, 10-dan çox hesabat hazırlayaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərib. BTQ-nin yaradıldıqdan qısa müddət sonra 7 müstəmləkə altında olan ərazi ilə sıx əməkdaşlıq qurulub, hazırda həmin ərazilərin sayının 15-ə bərabərdir. Şübhəsiz, bütün bunlar BTQ-nin uğurlarıdır.

Qvami Məhəbbətoğlu, “İki sahil”