29 mart 2025 16:55
202

Gürcüstanda 2008-ci il müharibəsi ilə bağlı araşdırmanın nəticəsi ölkədə qalmaqal yaradıb

Gürcüstanda 2008-ci il 7-12 avqust aralığında Rusiya ilə baş verən müharibəyə dair aparılmış araşdırmanın nəticəsi ölkədə ciddi qalmaqala səbəb olub.

“İki sahil” xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze 2008-ci il avqust müharibəsini araşdıran komissiyasının yekun rəyini açıqlayıb.

Onun sözlərinə görə, bu araşdırma keçmiş hökumətin qərarları ilə bağlı ciddi suallar doğurub və cəmiyyətdə müzakirələrə yol açıb.

Mdinaradze bildirib ki, araşdırma komissiyası Gürcüstanın o zamankı prezidenti Mixeil Saakaşvilinin 2008-ci il avqustun 7-si saat 23:45-də hərbi əməliyyatlara başlamaq haqqında əmr verdiyini müəyyən edib. Bu faktı həmin dövrdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi olmuş general Zaza Qoqava təsdiqləyib.

Bundan əlavə, komissiyanın hesabatında iddia olunub ki, “Vahid Milli Hərəkat” hökuməti müharibə ehtimalı barədə məlumata malik olsa da, Kodori və Tsxinvali bölgələrinin dinc əhalisini xəbərdar etməyib, nəticədə çox sayda mülki şəxs həlak olub.

Bundan başqa, araşdırmanın diqqət çəkən məqamlarından biri də Gürcüstanın keçmiş iqtidarının müharibədən iki ay sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hərbi əməliyyatlara məhz Gürcüstanın başladığının əks olunduğu və gürcü əsgərlərin hərbi cinayətlərdə ittiham edildiyi qətnaməsini dəstəkləməsi olub.

Araşdırma nəticələrinin ictimaiyyətə açıqlanması Gürcüstanda siyasi diskussiyaları daha da qızışdırıb. Müxalifət bu iddiaların siyasi motivli olduğunu əsas gətirərək araşdırmanın obyektivliyinə şübhə ilə yanaşır.