Dünyanın hər yerinə səpələnmiş ermənilərin tarixən ən çox məskunlaşdıqları ərazi türk dövlətləri, ən çox qaynayıb qarışdığı xalqlardan birincisi türk xalqı olmuşdur. Lakin qəbir və ocaq qonşuları olan, öz kökü üstündə dayanıb dünyaya əzəmətlə boylanan türklərlə ermənilər arasında erməni nankorluğu və yersiz iddiası nəticəsində dönə-dönə törədilən silahlı toqquşmalar, qanlı vuruşmalar, amansız qırğınlar, irəliləyişə, inkişafa mane olan münaqişələr, qarşıdurmalar milli ədavətə gətirib çıxarmış, türk xalqının tarixində qanlı iz qoymuşdur.
XVIII əsrdən etibarən Azərbaycan torpaqlarında məskunlaşan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, “böyük Ermənistan”ın yaradılmasına, erməni ideyalarının hər vəchlə təbliğinə can atmış, XIX əsrin əvvəllərindən isə ermənilərin azərbaycanlılara qarşı açıq soyqırım və deportasiya siyasəti başlamışdır. Soyqırım azərbaycanlıların yalnız kütləvi qırğını və yurd-yuvalarından didərgin düşmələri ilə tamamlanmırdı, evlər dağıdılıb yerlə yeksan edilir, mədəniyyət abidələri məhv edilir, məscidlər dağıdılır, ermənilərin ayaq basdıqları hər bir yer xarabalığa çevrilir, bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmağa cəhd edirdilər. Soyqırım törədənlər özlərini soyqırım quranları kimi qələmə verirdi. Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Türkün soyqırımı erməni tərəfindən millətin, irqin, tayfanın, nəslin, şəcərənin kökünü yer üzündən silmək, azərbaycanlılar, xüsusilə Ermənistanda yaşayan azərbaycanlılar üçün isə ata-baba yurdundan qopub düşmək, kökündən, soyundan mənəvi kəsilmək demək idi.
XX əsrdə türkün yüksək iqtisadi-mədəni inkişafı, sərbəst dini etiqadı zəminində formalaşan ermənilər öz köklərini, diaspor və lobbi yaratmalarını, uydurma genosidə məruz qalmalarını daha çox 1915-ci il olayları ilə əlaqələndirib, yalana gerçək donu geyindirməyə çalışdılar. Hələ 387-ci ildə Roma-Sasani imperiyaları arasında parçalanaraq süquta yetən və adı tarixdən silinən “Böyük Ermənistan”ı bərpa etmək məcburiyyətində qalmalarına gətirdikləri dəlilləri isbatlamaq cəhdləri erməniləri dəridən-qabıqdan çıxmağa, min bir dona girməyə, ağıla gəlməyən rəzalətlər törətməyə, yalanın ucundan tutub göyə deyil, dünyaya yayılmağa sövq etmişdir. Guya türklər bütün tarix boyu ermənilərlə düşmənçilik etmiş, türk dövlətlərində yaşayan ermənilərin durumu çox ağır və acınacaqlı olmuş, türklər tərəfindən soyqırıma məruz qalmışlar və s. Halbuki zaman-zaman erməni lobbisi insanların maraq və mənafelərindən faydalanan böyük dövlətlərin ̶ din qardaşlarının himayəsi altında təbliğatlarını aparmış, türk-müsəlmanlara problemlər yaratmış, alçaq və rəzil mübarizə formalarından istifadə edərək onları kütləvi surətdə qırmış, dillərini, adət-ənənələrini mənimsəmişlər.
XX yüzillik Azərbaycan xalqının həyatında ən dəhşətli işgəncələr, qırğınlar, qaçqınlıq, soyqırım, mənəvi genosid dövrü olmuşdur. “Ac xəyallarında “Böyük Ermənistan” mifini yaradan, ancaq gerçəkləşdirməyə gücü yetməyən, böyüklük yükünün altına girmiş bu kiçik xalq özünü içindən çıxılmaz bir hala salmışdır. Kölə xülyasından törəmiş böyüklük, qədimlik iddialarını elmi təməllərə dayandırmaq, uydurduqları böyük yalanları maskalamaq və qədim dövr tarixini öz xeyirlərinə dəyişdirmək üçün Yaxın Şərq xalqlarının maddi və mənəvi mirasını acgözlüklə mənimsəyiblər”. 1905-ci ildə erməni millətçilərinin törətdikləri, sivilizasiya tarixində misli görünməmiş vəhşiliklər təkrar 1918-1920-ci, 1988-ci illərdə qisasçılıq məqsədilə törədilmişdir.
Tarixin saxtalaşdırılmasına yönəlmiş proqram xarakterli tədbirlərin reallığını qanlı aksiyalarla həyata keçirən ermənilərin XX əsrin ilk onilliklərində törətdikləri cinayətlər xalqın yaddaşına əbədi olaraq qanla həkk olundu. Milli mənsubiyyəti azərbaycanlı olan hər bir kəs ̶ uşaq, qoca, qadın fərq qoyulmadan öldürülür, evlərə od vurulur, mədəniyyət abidələri məhv edilirdi. Erməni vandalizminin qarətçilik, saxtakarlıq, işgəncə, əzab, rəzalət, təhqir və ikiüzlülüyü baş alıb getdiyi halda, erməni millətçiləri özlərini yazıq, məzlum, soyqırım qurbanı kimi qələmə verir, tarixi faktları təhrif edirdilər. Əvəzində Azərbaycan xalqına qarşı dəfələrlə törədimiş soyqırım tarix boyu uzun illər gizli saxlanılır, öz siyasi-hüquqi qiymətini almır, xalqın tarixi keçmişi ilə bağlı həqiqətlərə qadağa qoyulurdu. Bu illər ərzində erməni tarixində ̶ dərsliklərdə, kütləvi informasiya vasitələrində, hətta bədii ədəbiyyatda, kinofilmlərdə, uşaqlar üçün nəğmələrdə belə erməni- türk münaqişəsi başlıca mövzuya çevrildiyi halda, Azərbaycanda bu barədə söz açmaq qadağan olunur, tarixi həqiqətlərin olduğu kimi yazılmasına imkan verilmirdi. Buna baxmayaraq, erməni məkri, ermənilərin Azərbaycan xalqına qarşı düşmənçilik və qəsbkarlıq niyyəti, soydaşlarımıızın zor gücünə dədə-baba yurdlarından qovulması, talan və işğalçılığı təkcə tarixi mənbələrdə, insanların yaddaşında, qəbir daşlarının, müqədddəs abidələrin qalıqlarında deyil, damarlarında türk qanı axan, əli qələm tutan hər bir ziyalının yaradıcılığında da qan yaddaşı kimi qorunub saxlanmışdır. Dünyaya meydan oxuyan türkün faciəsi ̶ tairxi gerçəklik, bəzən tarixin zamanın hökmü ilə gizli saxladığı mətləblər bədii təhlil süzgəçindən də keçirilmiş, ədəbi-bədii nümunələrdə erməni rəzalətindən yana-yana söz açılmışdır.
Hələ XIX yüzildə M.Ş.Vazehin şeirlərində (“Süsəni” rədifli müxəmməsi), M.F.Axundzadənin “Aldanmış kəvakib” povesti, “Sərgüzəşti-mərdi-xəsis” (Sərkis, Ohan, Karapet surətləri), N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyalarında (Kefli Qıdı), XX yüzilin əvvəllərində C.Məmmədquluzadənin “Kamança” pyesində (kamançaçı Baxşı), “Usta Zeynal” hekayəsində (Muğdusi Akop), bir sıra felyetonlarında (“Erməni və müsəlman adətləri”), N.Nərimanovun “Bahadır və Sona”, M.S.Ordubadinin “Dumanlı Təbriz”, Y.V.Çəmənzəminlinin “Qan içində” romanlarında (Arşak Surenyan), C.Cabbarlının “1905-ci ildə” pyesində üzdə dost görünən, səmimi təsir bağışlayan erməni xalqının iç üzü, məkrli siyasəti, qorxaqlığı, canı bahasına hər şeyindən keçməyə hazır olması, mənfur xislətinin üstündən yan keçilir, bu iki “qardaş” xalqın dostluğu (C.Cabbarlı “1905-ci ildə”, M.Cəlal “Bir gəncin manifesti”), gənclərinin bir-birinə sevgisi (N.Nərimanov “Bahadır və Sona”) erməni-türk xalqlarının bir bədəndə iki can olmasına, ələlxüsus da türkün – azərbaycanlının sədaqətinə, vəfasına, əmanətə xəyanət etmədiyinə obrazlı səcdə edilirdi.
Türk soyqırımı XX əsrin əvvəllərində hadisələrin canlı şahidi olan M.M.Nəvvabın əsərlərində də öz əksini tapmış, M.S.Ordubadinin “Qanlı sənələr” kitabında 1905-1906-cı illər qırğınında ermənilərin törətdikləri qanlı cinayətlər ürək ağrısı ilə xatırlanmışdır.
Erməni-türk münasibətlərinin yenidən alovlandığı ötən əsrin son onilliklərində çağdaş Azərbaycan ədəbiyyatında, xüsusilə nəsrdə türk soyqırımına, azərbaycanlıların tarixi torpaqlardan deportasiyasına, erməninin yalançı xülyalarının gerçəkləşməsinə xidmət edən oyunlarını ifşa edən bir-birindən maraqlı əsərlər meydana gəldi. A.Rəhimovun “İkili dünyam”, M.Süleymanlının “Erməni adındakı hərflər”, N.Məmmədlinin “Zəngulə”, N.Qarayevanın “Daş hasar”, Ə.Əmirlinin “Ölü doğan şəhər”, E.Mehrəliyevin “90-cı illər” romanları, H.Mirələmovun “Xəcalət” povesti, K.Nəzirlinin “Erməni gəlini” hekayəsi və s. əsərlərdə erməni şovinizminin iç üzü açılmış, məharətlə maskalanmış “şirindil”, siyasətcil, bəzənsə yazıq görkəmli tipik erməni obrazları yaradılmışdır.
A.Abdullanın “Sarı tağ” povestində erməni məkri, xüsusən də İrəvan bölgəsində yaşayan ziyalılarımızın çətinliklə də olsa, ermənilərlə ideya mübarizəsi, bu mübarizədə konkret insanların timsalında bir xalqın xarakteri, bütövlüyü açılıb göstərilir. A.Abbasın “Dolu”, M.Abdullanın “Əvvəl-axır”, “Qarabağsız namələr”, “Ürəkkeçmə” romanlarında Qarabağ savaşı şərti olaraq bir şəhər çərçivəsində canlı təsvir edilir, müharibə dövründə baş verən daxili çəkişmələr, gizli siyasi oyunlar, insanlar arasındakı gərgin psixoloji qarşıdurumlar, erməni təcavüzünün bütün ağrı-acısı təfərrüatı ilə yana-yana oxucuya çatdırılır.
“Daş hasar” (N.Qarayeva) romanında erməni terrorçusu Xres Xristofor Azərbaycanda yaşayıb, buranın suyunu içib çörəyi ilə böyümüşdür. Evi yananda azərbaycanlılar köməkləşib ona ev tikir, imkan düşdükcə dolanışıqlarına kömək edirlər. Lakin Xresin iç üzü arvadı Asxenlə birdən-bərə yoxa çıxandan sonra açılır. Hadisələrin gərginləşməyə başladığı vaxtda Xres kəndi tərk etməzdən əvvəl qapı-bacanı sındırır, meyvə ağaclarını, qızılgül kollarını, üzüm tənəklərini doğrayıb tökür, hətta yaşadığı evin döşəmə və divarını da oyuq-oyuq edir. Azərbaycanlılara nifrətini gizlədə bilməyən Xresin gücü ̶ qisasçılıq hissi əşyalara çatır. Onun üçün bu torpağın yetirdiyi hər kol, ağac, üzərində yaşayan adi həşərat belə təhlükəlidir.
N.Məmmədlinin “Zəngulə” romanında erməninin türkün başına gətirdiyi fiziki işgəncələrlə yanaşı, insanlığa yaraşmayan, əxlaq normalarından kənar hərəkətləri bir daha bu millətin hər bir nümayəndəsinin vəhşi heyvandan da yırtıcı, qəddar olduğunu göstərir. Əsir aldıqları azərbaycanlıları Xankəndi yaxınlığında tövləyə yerləşdirən ermənilər qız-gəlinin başına olmazın oyunlar açır, əllərində oyuncağa çevirir. Bu azmış kimi, dirilərlə bərabər ölülərdən də qisas alırlar; onların cəsədlərini əsir soydaşlarının gözü qarşısında yandırır, erməni cənazəsinin üstündə cavan əsgərlərin boyunlarını qurbanlıq qoyun kimi bir-birinə bağlayıb vururlar.
Heç bir yırtıcının belə cinsindən olan yırtıcıya qarşı etmədiyini erməni edir. “90-cı illər” romanında Kamalın cəsədi üzərində erməni Samvelin etdiklərini yazıçı E.Mehrəliyev bədii boyalarla belə təsvir edir: “Samvel tələsmirdi, bıçağı Kamalın hülqumundan götürüb əvvəlcə qulaqlarını kəsdi, avtomatının qundağıynan vuraraq dişlərini sındırdı, lap axırda da soyumaqda olan meyidin başını bədənindən ayırdı”. İstənilən kritik məqamda insan hisslərini cilovlayan, qəzəbinə su çiləyən qüvvə ölüm olur. Mənfur erməninin rəzalətini, çirkin niyyətini ölüm də soyutmur. Türkün ölüsü də erməninin qulaq kəsmək, göz çıxartmaq, şaqqalamaq, yandırmaq, mənən alçaltmaq kimi kökündən, qanından gələn vəhşilikləri soyutmur.
Azərbaycan nəsrində türk soyqırımı ayrı-ayrı erməni obrazlarının timsalında deyil, Azərbaycanda fəaliyyət göstərən erməni şovinist təşkilatlarının, millətçi dərnəklərin yaradılması, erməni qadınının hiyləsi, “vətənpərvərliyi” fonunda da ətraflı canlandırılır. “Ölü doğan şəhər” (Ə.Əmirli) romanında “Krunk” təşkilatının fəaliyyəti ilk baxışdan Ermənistanda yaşayan imkansız, maddi vəziyyəti ağır olan ermənilərə kömək, yardım məqsədi daşıyır. Əslində isə “vətənpərvərlik” rəmzi olan “Krunk” ayda xəzinəsinə topladığı pulları qonşu torpağını zəbt etməyə, qəsbkalığa yönəldir. Türkü öldürməyi özünə şərəf bilən hər bir erməni dığasının yalnız onlara xas iyrənclik və qəddarlıqla törətdiyi işgəncələr onların mənəvi böhrana məruz qalmasını göstərir. Erməni cəlladı Samvelin “türkləri yaxalayıb qulaqlarını kəsəndə hər şeyi unudacağıq” məntiqi erməninin gündəlik həyatının mənasına çevrilmişdir. Türkün cəsədi, ölüsü belə erməni üçün dəhşətlidir, bəlkə də sağ ikən gücü çatmadığı azərbaycanlının hər bir əzasından ̶ qulağından, gözündən, əl-ayağından aldığı qisas belə onu soyutmur.
Erməni rəzalətini, erməni nifaqını hamıdan əvvəl duyub çəkinmədən “dilə gətirən”, “fil qulağında yatanları” ayıltmağa çağıran M.Süleymanlının “Erməni adındakı hərflər” romanını soyqırımın köklərinin və səbəblərinin araşdırılması baxımından tarixi-bədii ensiklopediya adlandırsaq, yanılmarıq. Türkün tarixi Zəngibasar, Vedibasar, Göycə, İrəvan, Uluxanlı, Qaraqoyunlu torpaqları, Qaraxaç-Qarakas, Candar, Borçalı yaylaqlarında özünə vətən yaradan erməninin iç üzünü obrazın dili ilə açan yazıçı elə “acı həqiqətlərə, elə yaralı mətləblərə toxunur, elə məsələlər qaldırır ki,... bu duyğular ən azı 50 il bundan əvvəl dilə, qələmə gəlsəydi, kitablara çevrilsəydi, heç olmasa bu mövzuda yazılan üç-beş əsərimiz ̶ M.S.Ordubadi, M.M.Nəvvab, Y.V.Çəmənzəminli, Ə.Abbasovun əsərləri həyəcan təbili kimi çalınıb vərəq-vərəq, səhifə-səhifə ən azı tarixi tədris edən müəllimləri yerindən tərpətsəydi, ermənilər “dənizdən-dənizə” şüarı ilə silahlananda biz “Kür, Araz, Ararat, Nə gözəldir bu həyat, Qardaş olub Hayastan, Azərbaycan” ... mahnısını xorla, sevinə-sevinə oxumasaydıq, başımızın altına qoyulan balıncın, başımızın üstündən asılan qılıncın nə demək olduğunu vaxtında dərk edə bilsəydik, itkilərimiz, ağrılarımız indikindən qat-qat az olardı, faciələr içində çırpına-çırpına qalmazdıq” (Z.Yaqub).
Xalq şairi Z.Yaqubun “dərslik kitabı” adlandırdığı “Erməni adındakı hərflər” romanı təkcə ədəbiyyatda, nəsrdə deyil, erməni genosidinə qarşı fikirdə, təfəkkürdə, düşüncədə, dildə, tarixdə bir oyanışın başlanğıcıdır. XX əsrin 20-ci illərindən sonra tarixi yurd yerlərimizə Ermənistan adının verilməsini yazıçı xərçəng xəstəliyinin, yalanın, haramın baş alıb getməsi kimi sağalmaz fəlakətlərdən sayır. “Kimdir erməni” sualına tarixçi tələbə İmirxanlının cavabı adi görünsə də, dilə gətirilə bilməyən və bəlkə müqayisə edilə bilinməyən bir həqiqətin məntiqi çözümüdür: “Elə xalq var ki, haralı olduğu bilinməz, bilməzsən aran adamıdı, dağ adamıdı. Erməni nə aran adamına oxşayır, nə dağ adamına, bizə deyilən kimi deyə bilməzsən ki, erməninin bir suyu hansı torpağasa, hansı yerəsə çəkir, oxşadığı, bənzədiyi torpağı tapa bilməzsən... çünki vətəni yoxdu, bu mənada erməni xalqı bir az vağzal uşaqlarına oxşayır. Ona görə də bizdən ayıqdılar, bizdən çoxbilmişdilər... gözləməyi, səbrli olmağı bacarırlar, ona görə də hamı onları tanyır.. . Bəlkə də bu cür olmaq daha yaxşıdı... vətəni neynirlər, vətənin dərdi böyük olur, gərək dərdini çəkəsən, lazım gələndə uğrunda ölə biləsən”.
İmirxanlı türkün kökünü, mənşəyini elə amillərlə bağlayır ki, onların varlığı qarşısında erməni donub qalır, çünki türkün qapısı sayılan sazı var, bu dünyaya türk o qapıdan keçib gəlib, adicə pendirinin azı on adı var, hamını bəzəyib özü lüt qalsa, dünyaya dövlət qurmağı öyrətsə də, özü məktəbsiz qalmış, əlifbasına yiyə durmamışdır. Erməni yaxşı sazbənd olsa da, heç vaxt saz çalmağı bacarmamış, heç vaxt aşıqlıq etməmişdir, ən yaxşı erməni papaqçısı ömründə qoyun soya bilməmiş, özünün heç vaxt dərisi olmamışdır. Çünki birinci işləri həmişə vətəni olan, vətənin dilini bilənlər – türklər görmüşlər. Erməninin tarix boyu olmayan vətəninə görə süni canfəşanlığını, dünyaya haray salmağını, türkü qıra-qıra özünütəsdiqini yazıçı haqlı olaraq vətənsizliklə, yurdsuzluqla bağlayır. “Harda çörək var, orda vətən var” ideyalı erməni dığaları bəs deyilmiş kimi, xalqı içindən gəmirən, tarixini saxtalaşdıran, üzdə böyük görünsə də, içində balacalaşan, erməninin üstünə buraxdığı arvadın havasına qol götürüb oynayan türkün faciəsinə acıyır və bu faciəni soyqırımdan da dəhşətli sayır. “Nehrə çalxandıqca yağ sudan ayrılır. Millətlər də bir-birinə qarışıb çalxalandıqca “yağı yağ olur, ayranı ayran. Biz azərbaycanlılar daha çox ayranlıq oluruq, ona görə ki, öz yağımızı içdən-içdən özümüz yeyirik, indi boynumuza alaq ki, biz nehrədən ayran kimi çıxırıq, yağ kimi yox”.
Türk soyqırımı, ermənilərin 1905-1918-ci il, həmçinin 1930 və 1967-ci illərdə xalqa, millətə qarşı həyata keçirdikləri mənəvi və fiziki soyqırım siyasəti təkzibolunmaz faktlarla H.Mirələmovun “Xəcalət” povestində də yada salınır, 1988-ci ilin müdhiş fevralından – ermənilərin Azərbaycana qarşı ərazi, torpaq iddiası ilə başladıqları gündən xalqın başına gətirdiyi məşəqqqətli hadisələr, yurd-yuvasından didərgin düşmüş insanların taleyi ağrı-acıları ilə təsvir olunur. Əsəri səhifə-səhifə oxuduqca ötən əsrin son onilində erməni-rus separatçı qüvvələrinin Qarabağda, Xocalıda törətdikləri soyqırım göz önündə canlanır. Əsərin baş qəhrəmanı Vətən didərgin düşmüş milyondan çox qaçqın-köçkünün talesiz obrazı lə yanaşı, itirilmiş torpaqların, yandırılmış evlərin, təhqir olunan abidələrin, qəbirlərin, bütövlükdə Vətənin ümumiləşmiş obrazıdır. Təbiətcə sərt, möhkəm, ağayana xarakterli, ailəcanlı, canı-qanı ilə yurduna bağlı Vətəni bir çox soydaşları kimi soyqırım didərgin salıb, yarıuçuq bir xəstəxana binasının bir köşəsinə sığınmaqla heysiyyətini, qürurunu sındırıb. 37-ci il repressiyasında doğma Qarabağdan sürgün olunan babasının, daha sonra atasının taleyi onu da uzun müddət Vətəndən uzaqda yaşamağa məcbur etmişdi. Vətənə qayıdışın şirinliyini yaşamaq istəyəndə isə tale ondan yenə də yan keçmir, milli ayrı-seçkilik, yersiz ittihamlar onun əzabkeş ömrünü addım-addım izləyir; Vətəni tarixi yaddaşa, geridönüşə qaytarır, türkün unutqanlığına, biganəliyinə, laqeydliyinə qarşı erməninin kinini, barbarlığını, soyuq- qanlılığını qoyur. Qarlı-şaxtalı gündə vəhşicəsinə qətlə yetirilmiş insan cəsədlərinin içində canavarla üzləşəndə də Vətən ümidini, inamını itirmir.
Erməni türkün varlığını, cismini, heysiyyətini, canını alsa belə, bircə şeyə toxuna bilmir: bu da onun inamı və ümididir. Dizin-dizin ac canavarın dalınca sürünən Vətən yalquzağa da Tanrının göndərdiyi xilaskar kimi baxır, çünki ac olsaydı, çoxdan onu parçalayıb yemişdi. Canavarsa parıldayan gözlərini ondan çəkməsə də dəyib toxunmurdu. Sanki yaralı insanı düşdüyü vəziyyətdən qurtarıb təhlükəsiz bir yerə çatdırmaq boğaz və tox canavar üçün təbii marağa çevrilmişdi. Sanki yazıçı qışın soyuğunda canavarı ̶ əsl yırtıcı heyvanı Vətənin qarşısına çıxartmaqla əsl canavarın, yırtıcının bu heyvan deyil, azərbaycanlıları qətlə yetirən erməni quldurları olduğunu deyir. Digər tərəfdən, canavar – yalquzaq ̶ boz qurd türkün totemidir, boz qurd özünün övladları olan türk oğlunun bu faciəsinə sarsılır. Canavarın erməni rəzalətinə heyrətini və bu rəzalət qarşısında utancını ifadə edən mənzərənin oxucuya aşıladığı təsir hər hansı bir döyüş səhnəsindən, axıdılan qanlardan güclü təsir bağışlayır. Bu, əsl soyqırım idi – insan soyqırımının, türk soyqırımının heyvanı belə dəhşətə gətirdiyi səhnə idi:
“Ovurdları batıq canavar imsiləyə-imsiləyə, nəyə görəsə, sanki meyitlərin hamısına baş çəkmək istəyirdi. Qanı donmuş cəsədlər tərpənmirdi....
Qəddarlığın, insafsızlığın həddi-hüdudu yox idi. Meyitlərdən bəzisinin başı kəsilmiş, gözləri oyulmuş, bəzisinin sifətində bıçaqla şırımlar açılmışdı. Burada heç kimə ̶ nə qocaya, nə hamilə qadına, nə körpə uşağa, nə də xəstə anaya rəhm olunmamışdı. Bu, XXI əsrin astanasında erməni vəhşiliyinin növbəti mənzərəsiydi.
Bircə nəfəsi gələn olsaydı, yəqin canavarın eyni açılardı. Onun hərəkətini, gözlərinin ifadəsini nəzərdən qaçırmayan Vətən bu muştuluğu həyəcanla gözləyirdi. Nəhayət, qeyri-adi vurnuxma, başçəkmə sona çatdı. Canavar cəsədlərin, demək olar ki, hamısını yoxladı və birdən dayanıb, Vətənə sarı bir-iki addım atdı. Onun tükləri qabarmışdı. Qulaqları geriyə tərəf əyilmiş, gözləri də ifadəsini dəyişmişdi. Bu ifadə indiyə qədər canavarın gözlərində görünməmişdi. Boz, soyuq, tutqun. Bu, Vətəni bir az da üşütdü.
Canavar bir-birinə qıcanmış dişlərilə öz sinəsinə ağız atdı. Dişlərilə bir çəngə tükü qopartdı və təzədən ağzını daşa sürtdü.
Sonra qobuboyu təpəyə sarı yortavladı. Təpənin lap yuxarısında durub ağzını göyə tutdu. Özü ilə Vətəndən savayı nəfəsi gələnin olmadığı bu yerlərdə dərəboyu dəhşətli bir ulartı bu qeyri-adi ölüm sükutunu pozdu: au...auu...auu...
Bu ulartı Vətənin hönkürtüsünə qarışıb, dərənin üstündə kədərlə, qərib-qərib dolaşdı”.
Bu gün Azərbaycan nəsrində türk-müsəlman soyqırımı mövzusunda yaranan hər bir əsər hələ də səngiməyən torpaqlarımızın işğalı, milli-mədəni abidələrimizin dağıdılması, əsgər ölümü, əsir qız-gəlinin fəryadına vətəndaş yanğısı, sənətkar fəryadı və türk oğlu türkün qanla yazılmış salnaməsi kimi dəyərlidir.
Nazilə Abdullazadə,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Pedaqoji Universiteti