29 mart 2025 16:11
210

Jan Batis: Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizəsini davam etdirəcək

Bu gün Fransa müstəmləkəçilik siyasətini davam etdirir. Fransa bütün vasitələrdən istifadə edərək Kanakda insanların həyatını, ictimai təşkilatları və siyasi fəalları nəzarətdə saxlamaq istəyir.

“İki sahil” xəbər verir ki, bu fikri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda kanak xalqının nümayəndəsi, keçmiş siyasi məhbus Jan Batis deyib. O bildirib ki, mənəvi terrora məruz qalan kanaklar Fransa boyunduruğunda yaşamaq istəmirlər: “Dəfələrlə repressiyalara və müxtəlif bəhanələrlə həyata keçirilən həbslərə baxmayaraq kanaklar mübarizəni davam etdirəcəklər.

Tarixin bütün mərhələlərində Fransa hökuməti kanakların təhsilini, dinini, milli dəyərlərini, mədəniyyətini xalqın əlindən almağa çalışıb. Bu qeyri-insani siyasət prezident Makronun Fransaya rəhbərlik etdiyi dövrdə daha da şiddətlənib. Kanakların keçirdiyi referendumların nəticələrinə baxmayaraq Fransa nəinki müstəqillik, həmçinin muxtariyyəti də məhdudlaşdıraraq xalqımıza qarşı amansız davranır. Bizim azad yaşamaq üçün potensialımız var”.

Jan Batis diqqətə çatdırıb ki, 2024-cü il mayın 13-də Fransa hökuməti kanakların haqlı tələblərinə qarşı polis zorakılığı ilə çıxdı. Nümayişdə iştirak edən çoxsaylı insanlar qətlə yetirildi. Bu hadisələrdən sonra xalqın qəzəbi daha da artıb. Kanaklar müstəqillik uğrunda mübarizəsini davam etdirəcəklər. Biz gələcək nəsillərə də mübarizə aparmaları üçün tariximizi və bu gün haqsızlığa məruz qalmağımız barədə məlumatlar çatdıracağıq.