Bakıda “Kolonializm: Dini-Milli Kimliyin Silinməsi” adlı beynəlxalq konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransı Bakı Təşəbbüs Qrupunun (BTQ) İcraçı direktoru Abbas Abbasov və Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin (UPLG) baş katibi Jan Jakob Bisep açıb.
Açılış nitqindən sonra kolonializmlə mübarizəyə həsr edilən məsələlərin müzakirəsi başlayıb, “Kolonial güclərin milli-dini kimliyi dəyişdirərək, nəticədə onun silinməsi üçün apardıqları məqsədyönlü siyasət”, “Məcburi assimilyasiya və yerli mədəniyyətin silinməsi”, “Müstəqillik uğrunda mübarizədə milli kimlik faktoru”, “Yerli adət-ənənənin müstəmləkə idarəçiliyi ilə əvəz olunması” və “BMT-nin Yerli Xalqların Hüquqları Bəyannaməsi” mövzuları ətrafında çıxışlar dinlənilib.
Beynəlxalq konfransda həmçinin kolonializmlə mübarizəyə həsr edilən sərgi təşkil olunub.
Dünyanın müxtəlif ölkələrindən olan konfrans iştirakçıları dinc etirazlarda iştirak etdiklərinə görə Fransa hakimiyyəti tərəfindən həbs edilmiş Yeni Kaledoniya siyasi məhbusları ilə həmrəyliklərini ifadə edərək flaşmob keçiriblər.
Eyni zamanda tədbir çərçivəsində BTQ və Qvadelupanın Azadlığı uğrunda Xalq Birliyi (UPLG) partiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Bundan başqa, konfrans iştirakçıları Yeni Kaledoniyanın müstəqillik hərəkatının həbsdə olan rəhbəri Kristian Teinin fotosu əks olunan köynəyə imza ataraq xatirə üçün onun ailə üzvləri vasitəsilə siyasi məhbusa göndəriblər.
Konfrans müstəmləkəçiliklə mübarizə haqqında sərbəst müzakirə və sual-cavabla yekunlaşıb.
***
Bakıda "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfrans keçirilir.
“İki sahil” xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutan konfransda Fransa və Niderlandın müstəmləkə nəzarətində saxladığı ərazilərdən - Qvadelup, Fransız Qvianası, Kanaki (Yeni Kaledoniya), Korsika, Martinik, Reyunyon, Boneyr, Fransız Polineziyası, Mayot, eləcə də Valis və Futunadan müstəqillik hərəkatlarının liderləri və nümayəndələri, siyasi məhbus ailələri iştirak edirlər.
Tədbirdə kolonializm idarəçiliyi altında dini və milli kimliyin silinməsi, müstəmləkəçi dövlətlərin yerli xalqlara qarşı həyata keçirdiyi assimilyasiya siyasəti, o cümlədən ana dilin qadağan edilməsi və ya məhdudlaşdırılması, dini inanclara təzyiqlər, ad və soyadların məqsədli dəyişdirilməsi, tarix və mədəniyyətin imperiya siyasətinə uyğun yazılması kimi narahatedici məsələlər geniş şəkildə müzakirə ediləcək.
Həmçinin kolonial siyasətin nəticələri, müstəmləkəçiliyə qarşı qlobal hərəkatlar, milli irsin qorunması, siyasi məhbusların azadlığı, reparasiya tələbləri, habelə Fransa və Niderland hökumətlərinin nyu kolonial siyasəti ətrafında fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, konfrans zamanı Bakı Təşəbbüs Qrupu ilə müstəqillik hərəkatlarından biri arasında Anlaşma Memorandumunun imzalanması gözlənilir.