İğdır-Naxçıvan qaz kəməri həm Naxçıvan Muxtar Respublikasının, həm də Türkiyənin şərq vilayətlərinin enerji təhlükəsizliyinə töhfə verir. Yeni layihə Şərqi Anadolunun enerji infrastrukturunu gücləndirəcək, məşğulluğun artmasına səbəb olacaq, bölgədə sənayenin və ticarətin inkişafına təkan verəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin “Tercüman” nəşrində dərc edilmiş Türkiyədən Azərbaycana yeni boru kəmərinin istismara verilməsi ilə bağlı analitik məqalədə deyilir.
Qəzet xatırladır ki, qaz kəmərinin açılış mərasimi martın 5-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.
“İğdır-Naxçıvan qaz kəməri Ankaranın regionda enerji siyasətini gücləndirərək, Türkiyə ilə Azərbaycan arasında dərinləşən enerji tərəfdaşlığının və strateji tərəfdaşlığın yeni həlqəsinə çevrilib. Yeni boru kəməri, sadəcə, növbəti bir regional layihə deyil, Türkiyənin enerji tranzit mərkəzinə çevrilməsi konsepsiyasının bir hissəsidir. Türkiyənin şərqindən Naxçıvana çəkilən boru kəməri Cənubi Qafqazda yeni qüvvələr balansının formalaşmasına töhfə verir və şübhəsiz ki, regionda siyasi proseslərə təsir edən uzunmüddətli amil olacaq”, - deyə “Tercüman” qeyd edir.
Nəşr Türkiyə ilə Azərbaycan arasındakı strateji əməkdaşlığı təkcə regionda deyil, həm də qlobal səhnədə gedən proseslərə təsir edən güclü tərəfdaşlıq adlandırır.
“İki qardaş ölkə arasında qarşılıqlı əlaqələr güclənir və bu, təkcə enerji layihələrində deyil, həm də müdafiə, mədəniyyət və digər sahələrdə özünü büruzə verir. Şuşa Bəyannaməsi kimi sazişlər Ankara ilə Bakı arasında tərəfdaşlığın gələcəkdə də davam edəcəyinə əyani sübutdur”, - deyə qəzet vurğulayır.