Məlum olduğu kimi, Ermənistanın 1987-ci ildə Qafan rayonunda azərbaycanlılara qarşı törətdiyi zorakılıq ilə başlayaraq 30 ildən artıq davam etmiş Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycana külli miqdarda ziyan vurulub və azərbaycanlılar böyük müsibətlərə düçar olublar. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə münaqişə arxada qalıb, bölgədə davamlı sülhün və ədalətin bərqərar olması üçün imkan yaranıb. Məhz Azərbaycan Respublikasının təşəbbüsü ilə iki dövlət arasında bu məsələlər üzrə siyasi proses başlayıb.
“İki sahil” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.
Bəyanatda, həmçinin bildirilib: "Bu günlərdə xəbər verildiyi kimi, münasibətlərin qaydaya salınması üzrə çoxsaylı mövzuların bir qismini əhatə edən saziş layihəsi üzrə danışıqlarda Ermənistan Azərbaycanın açıq qalan iki maddə üzrə təkliflərini qəbul edib.
Lakin bu, kifayət deyil. Ermənistan tərəfi qalıcı sülhün və ədalətin bərqərar olunması üçün qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir. Bunların sırasına Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmaq, maneəsiz tranzit öhdəliyini yerinə yetirmək, Azərbaycana qarşı ərazi iddialarını öz konstitusiyasından və qanunlarından çıxarmaq, ATƏT-in Minsk qrupunun ləğv olunması üçün müraciət göndərmək, Azərbaycan ərazilərinin işğalına, ona külli miqdarda ziyan vurmasına və azərbaycanlılara qarşı zorakılıq törətməsinə görə məsuliyyətini etiraf etmək, təzminat ödəmək, öz ərazisində qondarma rejimin bütün “təsisatları”nı ləğv etmək, hərbi canilərin qəhrəmanlaşdırılmasına son qoymaq, silahlanma proqramını dayandırmaq və aldığı silahları geri qaytarmaq daxildir.
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti öz üzərinə düşənləri yerinə yetirmək üçün Ermənistana təzyiq etməyə çağırır”.