17 mart 2025 12:44
117

Qusarda istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO

Qusar rayonu, Qayakənd kəndi ərazisində yerləşən “Qayi Bulaq” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu aşkarlanıb və fəaliyyəti dayandırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, standarta uyğun olmayan elektrik və qaz cihazlarından istifadə olunur, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib.

Bunlarla yanaşı obyekt ilkin yanğınsöndürmə vasitələri ilə də tam təmin edilməyib, taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb, təxliyə planı mövcud deyil və istirahət mərkəzinin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Nazirlik qeyd edib ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Nəticədə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.