Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlər son dövrlərdə daha da fəallaşaraq strateji əhəmiyyət kəsb etməyə başlayıb. Prezident İlham Əliyevin Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat bu münasibətlərin əsas istiqamətlərini bir daha nümayiş etdirir.
Qısa müddət ərzində iki dövlət başçısının ikinci dəfə görüşməsi bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Azərbaycan Prezidenti bildirib ki, siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar.
Dövlətimizin başçısının qeyd etdiyi kimi, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır: “Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır...”.
Enerji əməkdaşlığı ikitərəfli münasibətlərdə mühüm dönüş nöqtəsi kimi dəyərləndirilir. Artıq Azərbaycan qazı Şimali Makedoniya bazarına daxil olub və bu prosesin davamlı xarakter alacağı bildirilir. Gələcəkdə qaz təchizatının həcminin artırılması da mümkündür. Azərbaycan hazırda 12 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa dövlətləridir. Prezident İlham Əliyev xatırladıb ki, təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır.
Mədəniyyət və təhsil sahələrində də əməkdaşlığın genişləndirilməsi vacib sayılır. Şimali Makedoniya Prezidentinin səfəri çərçivəsində mədəni tədbirlərdə iştirakı, tələbələrlə görüşlər və XII Qlobal Bakı Forumunda çıxışları bu sahədə münasibətlərə xüsusi təkan verəcək. Qeyd olunub ki, humanitar sahədə əlaqələrin dərinləşdirilməsi xalqlar arasında yaxınlığın artmasına xidmət edir.
Şimali Makedoniya 25 iyun 1995-ci ildə Azərbaycanın müstəqilliyini tanımış, 28 iyun 1995-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. Hazırda Şimali Makedoniyanın Azərbaycanda akkreditə olunmuş səfirliyi fəaliyyət göstərir. Azərbaycan da bu münasibətlərin inkişafına önəm verir.
2015-2018-ci illərdə Şimali Makedoniya Prezidenti Qeorqe İvanov Azərbaycana işgüzar səfərlər etmişdir. Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Hüquqi baza baxımından iki ölkə arasında 5 sənəd imzalanıb, o cümlədən sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş və ikiqat vergitutmanın aradan qaldırılması haqqında sənədlər hazırda qüvvədədir. 2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 5 Şimali Makedoniya kapitallı kommersiya qurumu qeydiyyata alınıb, onlardan 3-ü aktiv fəaliyyət göstərir.
Azərbaycan-Şimali Makedoniya münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və beynəlxalq sabitlik kontekstində əhəmiyyət kəsb edir. Siyasi dialoqun intensivləşməsi, enerji əməkdaşlığının dərinləşməsi, iqtisadi və humanitar sahələrdə yeni təşəbbüslər bu münasibətlərin daha da möhkəmlənəcəyinə ümid yaradır. Mövcud perspektivlər göstərir ki, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan bu əməkdaşlıq yeni mərhələyə qədəm qoyur.
Nurlan Həsənov,
Milli Məclisin deputatı