“Yaşıl iqtisadiyyat”a transformasiyanın KOB-lar üçün bir önəmli tərəfləri də var. Belə ki, səmərəli və qənaətli texnologiyaların tətbiqi, yaşıl innovasiyaların biznes proseslərinə inteqrasiyası KOB subyektlərinin xərclərinin optimallaşdırılmasına, məhsuldarlığının yüksəldilməsinə və rəqabət qabiliyyətinin artırılmasına müsbət təsir göstərir. İstehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir. Beynəlxalq investorlar sərmayə ilə bağlı qərarlar qəbul edən zaman qeyri-maliyyə amilləri, yəni, yaşıl məsələləri də özündə ehtiva edən Ekoloji, Sosial və Korporativ (ESG) idarəetmə prinsiplərinə üstünlük verirlər.
Bu fikirləri “İki sahil”ə müsahibəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
Orxan Məmmədov vurğulayıb ki, KOBİA təlim, məsləhət, qrant və s. kimi müxtəlif dəstək mexanizmləri çərçivəsində KOB-ların “yaşıl iqtisadiyyat”a keçidini təşviq edir. 2024-cü ildə bu sahədə fəaliyyətimiz daha da genişlənib. COP29 çərçivəsində KOBİA “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”sini irəli sürüb. Bəyannamə qlobal miqyasda istixana qazı emissiyalarının 50%-ni təşkil edən KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edir. Belə ki, Bəyannaməyə qoşulanlar kiçik bizneslərə “yaşıl iqtisadiyyat”a keçid üzrə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bu Bəyannamə, həmçinin Azərbaycanın yaşıl keçid üçün qlobal liderliyini və qlobal iqlim dəyişikliyi ilə mübarizə prosesində ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirir. Sözügedən Bəyannamənin təşviqi və tərəfdaşlarının məlumatlandırılması məqsədilə xüsusi sayt (www.greensme.org) yaradılıb. Artıq Bəyannaməyə qoşulan yerli və beynəlxalq təşkilatların sayı 10-u ötüb. Bununla yanaşı, KOBİA-nın təşəbbüsü ilə ötən il KOB-ların “yaşıl iqtisadiyyat”a keçidində önəmli olacaq iki dövlət standartı qəbul edilib, Agentliyin və tərəfdaş qurumların dəstəyi ilə ESG üzrə vahid platforma yaradılıb.
Orxan Məmmədovla tam müsahibəni buradan oxuya bilərsiniz.