22 yanvar 2025 20:08
165

Alimin mürəkkəbi və şəhidin qanı ilə yazılan ömür

Azərbaycan xalqının tarixi boyunca öyünə biləcəyi, qəhrəmanlıqları ilə adını qızıl hərflərlə yazdığı alimlər və şəhidlər heç vaxt unudulmaz. Belə bir zirvədə qərarlaşanlardan biri də molekulyar kimya üzrə ilk və yeganə qadın elmlər doktoru, alim və şəhid Svetlana Məmmədovadır. Onun həyat hekayəsi bir xalqın taleyi ilə sıx bağlı olan, hər kəsi düşündürən bir həyat nağılıdır.

1939-cu ildə Naxçıvanda dünyaya gələn Svetlana Məmmədova ailədən və məktəbdən aldığı mənəvi dəyərlərlə Azərbaycanın kimya elminin öncüllərindən biri olmağı bacardı. Onun təhsil illəri Neft və Kimya Prosesləri İnstitutunda formalaşdı, lakin bu illər yalnız bilik toplamaqla məhdudlaşmadı. O, insanlığa xidmət etmək üçün elmi bir missiya seçdi. Plastik və sintetik maddələr sahəsində başladığı elmi araşdırmalar onu dünya səviyyəsində tanınan bir alim etdi.

Svetlana xanımın həyat yoldaşı Nəriman da onun bu uğur yolunda ən böyük dəstəkçisi oldu. Ailə məsuliyyətini layiqincə yerinə yetirərək, elmi araşdırmalarından da geri qalmadı. Onun yorulmaz çalışmaları nəticəsində 40-dan çox ixtira, 130 elmi məqalə ərsəyə gəldi. Azərbaycan elminə yeni istiqamətlər qazandıran Svetlana Məmmədovanın tədqiqatları, xüsusilə qalay tərkibli polimerlərin tədqiqi sahəsində, onun parlaq zəkasını təsdiqləyən bir sübutdur.

1990-cı ilin qanlı Yanvar hadisələri yalnız Azərbaycanın siyasi tarixini deyil, xalqın gələcəyini dəyişdirdi. Yanvarın 24-də Sumqayıtda baş verən bir faciə isə həm elmi, həm də insanlıq üçün ağır bir itki idi. Svetlana Məmmədova əqidə yoldaşları ilə birlikdə tankların tırtılları altında qalmış bir avtomobildə həyatını itirdi. Bu hadisə, yalnız bir ailənin deyil, bütün Azərbaycan xalqının sinəsinə dağ çəkdi.

Şəhidlik mərtəbəsinə yüksələn Svetlana Məmmədovanın həyatının ən təsirli cəhəti isə onun yalnız bir alim deyil, həm də Vətən yolunda canını fəda edən bir qəhrəman olması idi. Onun qızı Kəmalə bu ağır yükü çiyinlərinə alaraq, anasının əmanətini ləyaqətlə daşıdı. 25 yaşında ailə başçısı olmaqla yanaşı, üç savadlı övlad yetişdirən, dövlətçiliyimizə xidmət edən Kəmalə xanım anasının ruhunu şad edən bir nümunə oldu.

Svetlana Məmmədova yalnız elmdə deyil, eyni zamanda, ailə dəyərlərində və insanlıqda əvəzsiz bir nümunədir. Onun ömrü bir xalqın gücünü və iradəsini göstərən, hər kəsə örnək olan bir həyat hekayəsidir. Tanınmış alimin elmi mirası bu gün də kimya sahəsində istifadə olunu. Lakin onun şəhidlik zirvəsi Azərbaycan xalqının ən qiymətli tarixi səhifələrindən biri olaraq qalır.

Azərbaycanın qadın şəhid alimləri arasında xüsusi yer tutan Svetlana Məmmədovanın həyatında elm və şəhidlik bir araya gələrək xalqımızın elmi və mənəvi gücünü təcəssüm etdirir. Mən bir tarixçi alim olaraq Azərbaycanın nəsillərə örnək xanımları arasında Svetlana Məmmədovanı ən ali zirvədə görürəm. Hər zaman xatırlanacaq və qürurla anılacaq bu şəxsiyyətin adı, gələcək nəsillərə böyük bir miras olaraq qalacaq.

Azərbaycan xalqı hər zaman öz şəhidlərini, xüsusilə də Svetlana Məmmədova kimi həm alimlik, həm də şəhidlik zirvəsinə yüksəlmiş insanlarını unutmur və unudulmağa qoymur. Onun həyat hekayəsi, əməlləri və şəhidlik məqamı hər birimizin ruhunda iz qoyacaq bir ömür nağılıdır. Svetlana Məmmədovanın ruhu, bu gün azad Qarabağ və Şərqi Zəngəzurda torpaqlarında dolaşaraq daha da şad olacaq.

Əziz oxucular, gəlin Svetlana Məmmədovanı və onun kimi şəhidlərimizi hər zaman hörmətlə anaq. Çünki alimin mürəkkəbi ilə şəhidin qanı birləşdikdə yalnız nəsillər deyil, bütöv bir xalq əbədiyyət qazanar.

Sevinc Abbasova,
Tarix elmləri doktoru, professor,
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi