Türkiyə Rusiya ilə Ukrayna arasında danışıqlara ev sahibliyi edə bilər.
“İki sahil” xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiço Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, Türkiyənin proseslərdəki rolunu yüksək qiymətləndirib.
Baş nazir, həmçinin əlavə edib ki, münaqişənin hərbi yolla həlli yoxdur:
"Ukraynadakı müharibənin davam etməsi qəbuledilməzdir. Hazırkı situasiyada Ukraynanın NATO-ya üzvlüyü və Rusiyanın tutduğu ərazilərdən çıxması inandırıcı görünmür. Bəzi Avropa dövlətləri döyüşlərin davam etməsində maraqlıdır. Çünki bu, onların geosiyasi maraqlarına uyğundur. Amma mən müharibənin ən qısa zamanda başa çatmasının tərəfdarıyam".
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp daha əvvəl bildirib ki, o, müharibənin bu il başa çatması üçün çalışacaq. Ukrayna Prezidenti Volodimir Zelenski isə müharibənin cari ildə bitməsi üçün lazım olan hər şeyi edəcəyini söyləyib.