18 yanvar 2025 14:55
118

İDF yanvarın 19-da səhər saatlarında Qəzzadan olan girovları qəbul etməyə hazırlaşır

İsrail hərbçiləri Qəzza zolağında atəşkəs razılaşmasına əsasən yanvarın 19-da səhər saatlarında azad edilməli olan girovları qəbul etmək üçün hazırlıqlara başlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə ordunun (İDF) mətbuat xidməti məlumat yayıb.

"İsrail Müdafiə Qüvvələri şənbə günü gecə (18 yanvar – red.) İsrail siyasi rəhbərliyi tərəfindən təsdiqlənmiş girovların qaytarılması sazişini həyata keçirməyə hazırlaşır. Müqavilə yanvarın 19-u, bazar günü, yerli vaxtla saat 08:30-da qüvvəyə minəcək və razılaşma çərçivəsində İsrail Müdafiə Qüvvələri müəyyən edilmiş razılaşmalara uyğun olaraq quruda əməliyyat prosedurlarını həyata keçirəcək”, - məlumatda deyilir.

Əlavə edilib ki, hərbçilər azadlığa buraxılanlara, hər bir detala diqqət yetirməklə, müvafiq fiziki və psixoloji dəstək verəcəklər: “Razılaşmaya və bütün girovların evə qaytarılması ilə bağlı öhdəliyimizə uyğun olaraq, İDF bütün İsrail vətəndaşlarının, xüsusən də Qəzza zolağının yaxınlığındakı icmalarda yaşayanların təhlükəsizliyini təmin etmək üçün fəaliyyətini davam etdirəcək”

Məhərrəm Ağalaroğlu, “İki sahil”