18 yanvar 2025 09:57
80

Ötən il Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

2024-cü ildə Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 77,5 milyard manat olub.

“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,9 % artıb, ümumi dəyərin 80,3 %-ini pərakəndə ticarət dövriyyəsi, 16,6 %-ini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,1 %-ini isə ictimai iaşə dövriyyəsi təşkil edib.

Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2023-cü illə müqayisədə 4,8 % artaraq 74,4 milyard manata bərabər olub, onun 48,6 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ilində bir istehlakçı orta hesabla ayda 632,7 manat və ya 2023-cü illə müqayisədə nominal ifadədə 38,1 manat çox vəsait xərcləyib.