18 yanvar 2025 01:56
108

Azərbaycanın valyuta ehtiyatları rekord həddə - 72 milyard dollara çatıb

Prezident İlham Əliyev: Əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir

Hazırda Azərbaycanda rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını sürətləndirib. Xüsusilə qeyri-neft sektoru üzrə ixracın dinamik artımı ölkədə liberal biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyini təmin edir. Son dövrlərdə dünyada gedən qlobal proseslər də ölkəmizin dayanıqlı inkişafını və onun regional güc mərkəzi olduğunu bir daha təsdiqləyir. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət respublikamızın 2024-cü ili bütün makroiqtisadi parametrlər üzrə yüksək inkişaf göstəriciləri ilə başa vurmasına səbəb olub. Belə ki, ötən ildə Azərbaycanda böyük layihələr icra edilib. Ümumi daxili məhsul təxminən 4 faizdən çox artıb. 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb. ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 19,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 382,5 manata bərabər olub.

Qeyd etmək lazımdır ki, iqtisadi təhlükəsizlik üçün zəmanəti təmin edən strateji valyuta ehtiyatları da artıb və makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyəyə çatıb. Bütövlükdə, strateji valyuta ehtiyatlarının yüksək artım templəri Azərbaycana güclü makroiqtisadi buferi təmin edir. “Baxmayaraq ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar icra edildi, o cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olundu. Buna baxmayaraq, biz optimallaşmanı elə təşkil etmişik ki, valyuta ehtiyatlarımız daha da artdı. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir” - bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib. Dövlət başçısı vurğulayıb ki, əhalisi 10 milyon olan ölkə üçün bu, çox böyük göstəricidir: “Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır. İkinci vacib göstərici ümumi daxili məhsulun xarici borca olan nisbətidir. Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7.2 faiz səviyyə doğrudan da çox böyük nəticədir. Məhz buna görə, mən hesab edirəm ki, beynəlxalq reytinq agentlikləri Azərbaycana daha ədalətli mövqe nümayiş etdirməlidirlər. Əlbəttə ki, valyuta ehtiyatlarının xarici borcla müqayisəsi də önəmli amillərdən biridir”.

Onu da qeyd edək ki, güclü valyuta ehtiyatları hər bir ölkənin inkişafını təmin etməklə bərabər, həm də onun xarici borc müqabilində etibarlı makroiqtisadi sabitliyini möhkəmləndirir. Beləliklə, Azərbaycanda müşahidə olunan sabitlik və dayanıqlılığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən makroiqtisadi strategiya və siyasətdir. Bu gün Azərbaycan hökuməti qlobal risklərin qarşısını almaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycanın valyuta ehtiyatları xarici borcu 14 dəfə üstələyir. Azərbaycanın valyuta ehtiyatlarının xarici borc göstəricisini üstələməsi ölkəmizin etibarlı makroiqtisadi sabitliyinin ən başlıca göstəricilərindən biri hesab oluna bilər. Halbuki, MDB regionunda əksər ölkələrin xarici borcu onların valyuta ehtiyatlarına bərabərdir, hətta bəzən çoxdur. Dövlət başçısı qeyd edir: “ …bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur. Halbuki biz indi xarici borcumuzu bir qədər artırmaq üçün də səylər göstərməyə başlamışıq. Müəyyən dərəcədə arta bilər, çünki bu, əhəmiyyətli dərəcədə azalıbdır. Mən hələ beş il bundan əvvəl, bizim xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizini, ona yaxın faizi təşkil edəndə qarşıya hədəf qoymuşdum ki, biz bunu 10 faizə endirməliyik. İndi 7,2 faizdir, yəni, xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5,2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb. Mənim tərəfimdən müvafiq göstərişlər verilib”.

Azərbaycan 2025-ci ilin büdcəsi ilə tarixində ən böyük büdcəni təqdim edib. Bu ilin büdcəsi 41 milyard manatdan çoxdur, icmal büdcə isə 48 milyard manatı aşır. Büdcənin bu səviyyəyə çatması, Azərbaycanın daxili resurslarına əsaslanaraq, şəffaflıq, düzgün idarəetmə və iqtisadi siyasətin müsbət nəticəsi olaraq əldə edilib. Büdcə parametrləri və dinamika ölkə iqtisadiyyatının sağlam və davamlı inkişafını göstərir. Böyük büdcə ilə Azərbaycan sosial və iqtisadi layihələrin maliyyələşdirilməsi, infrastrukturun inkişafı və digər mühüm dövlət layihələrini həyata keçirmək üçün ciddi resurslara malikdir. Sosial sahədə də müsbət dəyişikliklər olub. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artıb və 400 manata çatıb. Minimum pensiya 40 manat artıb və 320 manata çatıb. Orta hesabla artım 14-15 faiz arasında olub. Artımların xüsusilə az müdafiə olunan təbəqəyə yönəlməsi, dövlətin sosial ədalət prinsiplərinə əsaslanan siyasətinin bir hissəsidir. Azərbaycan hökuməti həmçinin Qarabağın bərpası kimi böyük investisiyaların həyata keçirildiyi bir dövrdə sosial məsələləri də diqqət mərkəzində saxlayır. Son bir neçə ildə dörd sosial paket həyata keçirilib və bu məqsədlərə 7 milyard manatdan çox vəsait xərclənib. Bu yanaşma Azərbaycanın iqtisadi inkişafı ilə paralel olaraq ölkədə sosial inkişafı da nəzərdə tutan bir siyasətin həyata keçirildiyini göstərir. Gələcəkdə də iqtisadi imkanlar artdıqca, sosial məsələlərin həlli, minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələləri ön planda saxlanılacaq.

Sevinc Azadi, “İki sahil”