15 yanvar 2025 21:56
95

Dəstə kənd sakinlərinin müraciətləri dinlənilib

Ordubad Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Rəhimli Dəstə kəndində səyyar qəbul keçirib. 14 yanvar 2025-ci il tarixdə keçirilən görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  Dəstə Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyin inzibati binasında keçirilən görüşdə çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurlardan və yüksələn nüfuzundan bəhs edib. İcra başçısı Azərbaycanın son illərdə bütün sahələrdə mühim nailiyyətlər qazandığını bildirərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə əsas söz sahiblərindən birinə çevrildiyini qeyd edib.

“2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” haqqında söhbət açan İcra başçısı, bu proqramın icrası nəticəsində Muxtar Respublika ərazisində, eləcə də Ordubad rayonunda sosial-iqtisadi həyatın daha da canlanacağını diqqətə çatdırıb. Həmçinin rayon ərazisində meyvəçilik və ipəkçilik sahələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkədə həyata keçirilən idarəetmə islahatları çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılmasının əhəmiyyəti barədə fikirlərini bölüşərək bu institutun müasir dövlət idarəçiliyinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi baxımından mühim rol oynadığını vurğulayıb.

Qəbul zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 yanvar 2025-ci ildə yerli televiziya kanallarına müsahibəsində Naxçıvan və Ordubad şəhərlərinin baş planlarının hazırlanması barədə çıxışına da yer verilib, görülən işlərin bölgənin turizm potensialının daha da artmasına töhfə verəcəyi xüsusi qeyd olunub. İcra başçısı, yaxın zamanda reallaşması gözlənilən Zəngəzur dəhlizi layihəsinin regional və qlobal əhəmiyyətindən, eləcə də bu dəhlizin giriş qapısı sayılan Ordubad rayonunun sosial-iqtisadi inkişafına göstərəcəyi müsbət təsirlərdən danışıb. Zəngəzur dəhlizinin yalnız Azərbaycanın deyil, bütövlükdə regionun iqtisadi mənzərəsini dəyişdirəcək strateji layihə olduğu, Azərbaycanın tarixi torpaqlarına yenidən bağlanmasını təmin etməklə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin mühim bir hissəsinə çevriləcəyi nəzərə çatdırılıb.

Daha sonra Dəstə kənd sakinlərinin ümumi problemləri müzakirə edilib, vətəndaşların arzu və təklifləri dinlənilib, məşğulluq, nəqliyyat, elektrik, yol, su və sair problemlər üzrə səsləndirilən məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə tapşırıqlar verilib.

Sakinlər rayon ərazisində vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.