05 yanvar 2025 02:02
141

Telegraph: Britaniya ordusunun idman yarışları proqramına dron növü daxil ediləcək

Britaniya ordusunun idman yarışları proqramına pilotsuz uçuş aparatlarının yarışları əlavə olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti yazıb.

Qəzetin məlumatına görə, yaxın həftələrdə Kral Silahlı Qüvvələrinin İdman Şurası rəsmi olaraq Britaniya Ordu Dronları Assosiasiyasını tanıyacaq.

“Biz müxtəlif idman növlərini dəstəkləyirik. Mütləq futbol, reqbi və ya kriket oynamaq lazım deyil. Nə qədər çox müxtəliflik olsa, bir o qədər yaxşıdır. Xüsusilə də hərbçilər yarışlar zamanı sonradan orduda istifadə edə biləcəkləri bacarıqlar əldə edirlərsə”, – nəşr Britaniya Quru Qoşunları rəhbərliyindəki mənbəyə istinadən nəql edib.

Qeyd olunub ki, bu yarışların iştirakçıları adi dronlarda quraşdırılmış GPS və ya stabilləşdirmə proqram təminatı olmadan virtual reallıq qulaqlıqlarından istifadə edərək pilotsuz uçuş aparatlarını idarə edirlər. Hər yarışda səkkiz idmançı iştirak edir və onlar müəyyən edilmiş marşrut üzrə bir neçə dövrəni rəqiblərindən daha tez keçməlidirlər.