04 yanvar 2025 18:18
153

Dəməşq hava limanında beynəlxalq uçuşlar başlayır

Dekabrın 18-də ilk daxili uçuşunu həyata keçirən Dəməşq Beynəlxalq Hava Limanı beynəlxalq uçuşlara hazırlaşır.

“İki sahil” xəbər verir ki, Suriya Mülki Aviasiya Təşkilatının rəhbəri Əşhəd Əl Salibi hava limanında beynəlxalq uçuşların çərşənbə axşamı, yanvarın 7-dən bərpa ediləcəyini açıqlayıb: "Çərşənbə axşamı günündən etibarən Dəməşq Beynəlxalq Hava Limanına beynəlxalq reysləri qəbul etməyə və hava limanından beynəlxalq uçuşlar həyata keçirməyə başlayacağımızı elan edirik”.

Qatar Airways keçən cümə axşamı elan etdi ki, təxminən 13 ildən sonra Dəməşqə uçuşları bərpa edəcək və çərşənbə axşamı, yanvarın 7-dən etibarən həftədə üç uçuş həyata keçirəcək.

Qətər hökuməti Dəməşq hava limanına əməliyyatların yenidən başlaması üçün yardım təklif edib. Qətər Əsəd rejiminin devrilməsindən sonra Türkiyədən sonra Suriyanın paytaxtı Dəməşqdə səfirliyini yenidən açan ikinci ölkə olub.

Dekabrın 18-də Suriyada yenidən açılan Dəməşq Beynəlxalq Hava Limanından ilk uçuş Hələbə olub. Suriya Hava Yollarına məxsus təyyarə Dəməşq və Hələb arasında sınaq uçuşu etmək üçün heyəti ilə birlikdə Dəməşqdən havaya qalxıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”