Aktau yaxınlığında baş verən təyyarə qəzasında xəsarət alan və 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan üç Azərbaycan vətəndaşı xüsusi təyyarə ilə vətənə göndərilib.
“İki sahil” Manqistau vilayəti akiminin mətbuat xidmətinə istinadən xəbər verir ki, xəsarət alanlar dekabrın 25-dən vilayət çoxprofilli xəstəxanasının reanimasiya şöbəsində müalicə olunurdular.
Hazırda Manqistau vilayət çoxprofilli klinikasında təyyarə qəzasında xəsarət alan xəstələr yoxdur.
***
AZAL-a məxsus sərnişin təyyarəsinin vurulması nəticəsində xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə göndəriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, onlar Aktaudan Azərbaycana yola salınacaq. Lakin dəqiq tarix açıqlanmayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.
Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Dövlət başçısı həmçinin qəzada həlak olan ekipaj üzvlərini - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri - Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.
İlkin məlumata görə, təyyarə fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.