28 dekabr 2024 20:00
201

Lavrov Ceyhun Bayramova zəng edib

28 dekabr 2024-cü il tarixində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Prezidentlərinin telefon danışığının davamı olaraq, xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı aparılıb.

“İki sahil” xəbər verir ki,  XİN-dən verilən məlumata görə telefon danışığı zamanı, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov 25 dekabr tarixində Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı həlak olanların ailələrinə və yaxınlarına, Azərbaycan xalqına başsağlığı diləklərini çatdırıb.

Nazir Ceyhun Bayramov öz növbəsində bütün həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyib. O, təyyarəyə ilkin baxışın, təyyarə gövdəsində çoxsaylı dəliklərin olmasının, bələdçilərin və sərnişinlərin ifadələrinin təyyarənin fiziki-texniki xarakterli müdaxilə nəticəsində qəzaya uğradığı faktını təsbit etdiyini vurğulayıb.

Nazir, ən qısa müddət ərzində, beynəlxalq ekspertlərdən ibarət heyətin də iştirakı ilə qəzanın səbəblərinin araşdırılması istiqamətində aparılan işin yekunlaşdırılması, qəzanın səbəblərinin ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunması istiqamətində Azərbaycan tərəfinin gözləntilərini qarşı tərəfin diqqətinə çatdırıb.

Bununla yanaşı, başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılmasının və mütəmadi qaydada ictimaiyyətə məlumat verilməsinin əhəmiyyəti qeyd olunub.

***

Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov telefonla Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisələri müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Tərəflər qəzanın bütün səbəblərinin müəyyən edilməsinin vacibliyini vurğulayıblar.