26 dekabr 2024 09:32
118

Sərnişin təyyarəsinin təkər yuvasında meyit tapılıb – ABŞ-da

Çikaqodan Mauiyə uçan “United Airlines” təyyarəsi yerə endikdən sonra təkər yuvasından meyit tapılıb.

“İki sahil” xəbər verir ki, Çərşənbə axşamı günortadan sonra Kahului hava limanına enən UA202 reysinin müayinəsi zamanı əsas eniş qurğusunun təkər yuvasında cəsəd aşkarlanıb.

Maui Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

“United Airlines” yaydığı açıqlamada bildirib ki, cəsədin necə və nə vaxt təkər yuvasına girdiyi qeyri-müəyyəndir: "Çərşənbə axşamı günü Mauidə Kahului hava limanına endikdən sonra əsas eniş qurğularından birinin təkər yuvasında cəsəd tapılıb. Bu əraziyə yalnız təyyarənin kənarından daxil olmaq mümkündür".

Maui Polis Departamentinin səlahiyyətliləri hadisə ilə bağlı araşdırma aparıldığını deyiblər.

Federal Aviasiya Administrasiyasının məlumatına görə, təkər yuvasında gizlənmək qaçanların istifadə etdiyi ümumi üsuldur: “Ancaq bu vəziyyət çox vaxt ölümlə nəticələnir. Təyyarə yüksəkliyə qalxdıqca, həddindən artıq soyuqdan hipotermiya və oksigen çatışmazlığı səbəbindən hipoksiya baş verə bilər. Bundan əlavə, eniş şassisi uzadıldıqda və geri çəkildikdə sərnişinlər əzilmə riski ilə üzləşə bilər”.

Bu faciəvi hadisə Yeni il tətili mövsümündə hava limanlarında yaranan sıxlığı bir daha gündəmə gətirib.

Amerika Avtomobil Assosiasiyasının hesablamalarına görə, bu il təxminən 120 milyon insan tətil üçün səyyahət edir və bu rəqəmin əhəmiyyətli bir hissəsini hava yolu sərnişinləri təşkil edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”