26 dekabr 2024 08:20
117

“China Daily”: ABŞ iqtisadiyyatı müharibə və dolların hökmranlığından sui-istifadə etməsi hesabına inkişaf edir

Birləşmiş Ştatların iqtisadiyyatı hərbi sənaye kompleksinin dəstəyi və qlobal maliyyə sistemində dolların hökmranlığından sui-istifadə etməsi hesabına inkişaf edir.

“İki sahil” xəbər verir ki, bu fikir “China Daily” qəzetində yazılıb.

Beynəlxalq Valyuta Fondu oktyabrda ABŞ iqtisadiyyatının 2024-cü ildə 2,8%, avrozonanın 0,8%, Yaponiyanın isə 0,3% artacağını proqnozlaşdırıb. Nəşr yazır ki, ABŞ davam edən geosiyasi gərginlikdən hədsiz dərəcədə faydalanıb və bunun əvəzini digər tərəflər ödəyir: “Birləşmiş Ştatlar son iki il ərzində Ukraynaya təxminən 100 milyard dollar yardım edib və bu məbləğin təxminən 90%-i ABŞ-ın müdafiə sənayesini gücləndirmək üçün xərclənib. Bu yardımın ayrılması sayəsində Amerikanın ən azı 38 ştatında minlərlə iş yeri açılıb.

Yazı müəllifləri hesab edirlər ki, ABŞ iqtisadiyyatının fəaliyyəti anti-Rusiya sanksiyaları ilə sıx bağlıdır: “2022-ci ilin sentyabrında “Şimal axını” qaz kəmərinin müəmmalı partlayışından sonra Rusiya ilə Avropa arasında enerji ticarəti kəskin şəkildə azaldı və bu, Avropa İttifaqını ABŞ-dan daha baha qiymətə təbii qaza keçməyə məcbur etdi. Bundan əlavə, Vaşinqton Aİ və digər inkişaf etmiş iqtisadiyyatlardan olan yüksək texnologiya şirkətlərini subsidiyalar vasitəsilə ABŞ-a köçməyə təşviq etmək üçün İnflyasiyanın Azaldılması Aktı, Çip və Elm Aktı və bir sıra digər qanunvericilik aktlarını qəbul etdi”.

“China Daily” qeyd edir ki, Vaşinqton da dolların qlobal maliyyə sistemindəki dominant mövqeyindən faydalanır. Geosiyasi qarışıqlığın artması və ABŞ Federal Ehtiyat Sisteminin aqressiv faiz artımı fonunda dünya üzrə çoxlu sayda investor ABŞ-ın maliyyə bazarına investisiya etməyi seçib.

Dollar hegemonluğuna arxalanan ABŞ bir növ “məhdud overdraft kredit kartı”ndan istifadə edir və dövlət xərclərini artırmaq üçün böyük borclar toplayır. Son bir ildə ABŞ federal hökumətinin borcu 33 trilyon dollardan 36 trilyon dollara yüksəlib.

Məqalə müəllifləri hesab edirlər ki, ABŞ-ın yeni administrasiyasının siyasəti ölkə iqtisadiyyatını işçi çatışmazlığı, inflyasiyanın artması və milli borc problemlərinin pisləşməsi ilə bağlı daha böyük risklərə məruz qoya bilər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”