25 dekabr 2024 12:07
139

Multikulturalizm Mərkəzi universitetlərdə monitorinq keçirib FOTO

Cari ilin dekabr ayının 6-25 tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən ölkəmizdə ali məktəblərin bakalavr səviyyəsində tədris edilən “Multikulturalizmə giriş” və magistr səviyyəsində tədris ediılən “Azərbaycan multikulturalizmi” fənnlərinin monitorinqi həyata keçirlib. Monitorinqlərdə tələbələrin bilik və bacarıq səviyyəsinin müəyyənləşdirilməsi ilə yanaşı, bu fənnin tədrisi ilə bağlı onların sual, təklif və iradlarının öyrənilməsi üçün sorğu da aparılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Mərkəzin Layihələr şöbəsinin təkilatçılığı ilə həyata keçirilən monitorinqlər Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Universiteti və Sumqayıt Dövlət Universitetində aparılıb. Monitorinqlərin həyata keçirilməsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları - icraçı direktorun müavini Ramin Qəmbərov, şöbə müdirləri İrina Kunina, Rəşad İlyasov, baş məsləhətçi Araz Qurbanov, aparıcı məsləhətçi Fidan Hadi, məsləhətçilər Tahirə Ələsgərova və Elnur Qasımov iştirak ediblər.

Müasir dövrdə təhsilin keyfiyyətinin idarə olunması, inkişaf dinamikasının izlənilməsi və proqnozlaşdırılması üçün real vəziyyətin öyrənilməsi vacib hesab olunur. Bu işdə isə qiymətləndirmə mühüm pedaqoji vasitə kimi qəbul edilir. Qiymətləndirmə təlim-tərbiyə prosesini təkmilləşdirməyə, təlim prosesinin səmərəliliyini yüksəltməyə, tələbələrin nələri mənimsədikləri, öyrəndikləri, hansı bacarıqlara malik olduqları və onlarda hansı keyfiyyət dəyişikliklərinin formalaşdığını müəyyənləşdirmək üçün obyektiv şərait yaradır.