ABŞ-də yaşayan azərbaycanlı ədəbiyyatşünas, şair və yazıçı Aleksandr Səlimov Çində keçirilən Boao Beynəlxalq Poeziya Mükafatları mərasimində “İlin şairi” mükafatına layiq görülüb.
Diasporla İş üzrə Dövlət komitəsindən "İki sahil"ə verilən məlumata görə, tədbir mədəni və humanitar əməkdaşlığın təmini məqsədilə Cənub-Şərqi Asiya Şairlər Birliyi və Çin Yazıçılar Birliyinin dəstəyi ilə 2018-ci ildən ənənəvi olaraq təşkil edilir.
Qeyd edək ki, Aleksandr Səlimov ABŞ-nin Delaver Universitetinin professorudur. O, eyni zamanda Amerika Şairlər Akademiyasının üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir.
Onun kitabları sırasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. "Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.