Bu gün Sumqayıt İnnovasiya Mərkəzinin açılış mərasimi olub. Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, nazirlik yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təsis etdiyi Mərkəzin ümumi ərazisi 750 kvadratmetrdir. Mərkəzdə ofis sahələri, kompüter və görüş otaqları, prototipləşdirmə laboratoriyası, toplantı və təqdimat otaqları, tədbir zalları və istirahət zonaları var.
Burada müxtəlif innovasiyayönümlü layihələr həyata keçiriləcək. Startaplar inkubasiya və akselerasiya proqramlarında iştirak etmək, layihələrini təqdim etmək, investorlarla görüşlər keçirmək və tərəfdaşlıq yaratmaq imkanı əldə edəcəklər. Bu məqsədlə təchizatçı universitetlərlə və texnoparklarla birgə fəaliyyət nəzərdə tutulub.
Mərkəzlə tanışlıdan sonra keçirilən açılış mərasimdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirini müavini Samir Məmmədov Sumqayıt İnnovasiya Mərkəzinin sadəcə ofis məkanı deyil, həm də ölkədə innovasiya mədəniyyətinin formalaşmasına və güclənməsinə dəyər qatan ideyaların yarandığı məkan rolunu oynadığını diqqətə çatdırıb. “Mərkəz əhatəli infrastruktur şəbəkəsi ilə startap ekosistemini inkişaf etdirmək və ümumilikdə innovativ təfəkkürlü yeni nəsil yetişdirmək məqsədi daşıyır", - deyən nazir müavini Sumqayıt İnnovasiya Mərkəzində yaxın zamanlarda "Apple" tərəfindən təlimçilərin sertifikatlaşdırılması və daha sonra rəsmi "Apple" statusunun təmin edilməsi planlaşdırıldığını bildirib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov Mərkəzin gənclərin innovativ ideyalarının formalaşmasında və inkişafında əhəmiyyətindən danışıb.
Sonra Sumqayıt İnnovasiya Mərkəzinin təqdimatı keçirilib.