Silsilə markaların buraxılması Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində atılmış növbəti addımdır.
“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimində deyib.
O bildirib ki, bugünkü tədbir Qərbi Azərbaycan tarixi ilə bağlı buraxılmış poçt markalarının təqdimatı ilə bağlıdır: "Bu adi poçt markalarının buraxılması deyil, bu Qərbi Azərbaycan həqiqətlərinin ölkədən ölkəyə, evdən evə, kitabxanadan kitabxanaya, arxivdən arxivə daşınmasıdır. Biz hələ ilk dövrlərdə Qərbi Azərbaycanla bağlı tədqiqatlara başlayanda İrəvan şəhəri ilə əlaqəli çar Rusiyası dövründə buraxılmış poçt markaları köməyimizə çatdı. Həmin markalar İrəvanın tarixən müsəlman şəhəri olduğunu bir daha təsdiq etdi. Bu gün də bu poçt markaları vasitəsilə Qərbi Azərbaycan görüntülərini, şəxsiyyət və abidələrinin şəkillərini dünya ictimaiyyətinə çatdıracağıq".
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov markaların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Onlar xarici ölkələrin liderlərinə təqdim olunur və Qərbi Azərbaycanı digər ölkələrdə tanıdır. Həqiqətlərin dünya miqyasına çatdırıla bilməsi üçün əlimizdən gələni etməliyik, heç nəyi əsirgəməməliyik".
Tədbirdə bildirilib ki, buraxılan markaların mövzuları təşkilatçılar tərəfindən xüsusi incəliklə seçilib: "Belə ki, 7 blokdan ibarət markalarda xüsusilə hər bir mövzunun Qərbi Azərbaycanın həm siyasi tarixi, həm memarlığı, həm də mədəniyyətini əks etdirməsinə önəm verilib. Müvafiq olaraq markalarda İrəvan xanlığının sonuncu xanı Hüseynqulu Xan Sərdarın portreti, Fəth-Əli Şah Qacar dövründə zərb edilmiş sikkə, Sərdar sarayı, Sərdar məscidi, Göy məscid, o cümlədən İrəvan aşıq məktəbinin nümayəndələri sayılan Aşıq Alı və Aşıq Ələsgərin portretləri təsvir olunub".
Bundan başqa, bloklardan biri rus rəssamı Frans Alekseyeviç Rubo tərəfindən 1886-cı ildə çəkilmiş “İrəvan qalasının işğalı” və fransız rəssamı Fredrik Dübua de Monperi tərəfindən 1833-cü ildə çəkilmiş “İrəvanda Göy məscid” adlı rəsm əsərlərinə həsr olunub. Bununla da tarixi gerçəklik qədim rəsm əsərləri vasitəsilə yeni markalarda öz əksini tapıb.
Tədbirin bədii hissəsi İrəvan musiqilərinə həsr olunmuş proqramla davam etdirilib.