10 dekabr 2024 16:04
302

Parisdə “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü ilə bağlı beynəlxalq konfrans keçiriləcək

Parisdə “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: “Divanü Lüğat-it-Türk”ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

“İki sahil” xəbər verir ki, konfrans dekabrın 13-də YUNESKO-nun Parisdəki qərargahında baş tutacaq.

Konfransda türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyalarının Baş katibləri və bu ölkələrin həmin təşkilatdakı Daimi Nümayəndələri iştirak edəcək.

Tədbirin məqsədi "Divanü Lüğat-it-Türk"ün dünya mədəniyyətinə, eyni zamanda Türk xalqlarının dilinin inkişafı və mədəni irsinə qatdığı töhfələri işıqlandırmaqdır.

Konfrans çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.

Beynəlxalq konfransda türk dünyasından olan alimlərin təqdimatlarının təşkili ilə yanaşı, Mahmud Kaşğari irsi ilə bağlı görüşlər və araşdırmalar haqqında fikir mübadiləsi aparılacaq.

Həmçinin proqrama "Divanü Lüğat-it-Türk"lə bağlı yeni görüşləri sərgiləyən təqdimat və sənədli filmin nümayişi daxildir.