05 dekabr 2024 20:01
206

Azərbaycanın xam neft üzrə hasilat kvotası 2026-cı ilin sonunadək sabit qalacaq

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü 2025-ci ilin mayın 28-nə təyin edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, energetika naziri Pərviz Şahbazov OPEC-in onlayn formatda keçirilən 38-ci iclasında iştirak edib. “OPEC+” ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən ediblər. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.

Həmçinin 8 ölkənin - Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omanın 2023-cü ilin aprel və noyabr aylarında elan edilmiş könüllü öhdəliklərinin davam etdirilməsi razılaşdırılıb. Beləliklə, 8 ölkə tərəfindən 2023-cü ilin aprel ayında elan edilmiş gündəlik 1,65 milyon barel əlavə könüllü öhdəliklər 2026-cı ilin dekabrın, 2023-cü ilin noyabrında elan edilmiş gündəlik 2,2 milyon barel əlavə könüllü ixtisarlar isə 2025-ci ilin martın sonuna qədər qüvvədə qalacaq. Bu ölkələrin 2,2 milyon barellik ixtisarları 2026-cı ilin sentyabrın sonuna qədər aylıq olaraq mərhələli şəkildə ləğv ediləcək.

İclasda iştirakçı ölkələrin hasilatının üç müstəqil mənbə tərəfindən qiymətləndirilməsi müddətinin 2026-cı ilin noyabr ayının əvvəlinə qədər, həmçinin kompensasiyalar üzrə son tarixin həmin ilin iyun ayının sonunadək uzadılması barədə də razılıq əldə edilib.

P. Şahbazov “OPEC+” formatında tənzimləmə mexanizminin qlobal neft bazarında sabitliyin qorunub saxlanmasında mühüm rolundan, xüsusilə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun sədrliyi ilə bu əməkdaşlığın töhfələrindən bəhs edib. Bu təşəbbüsə “Əməkdaşlıq Bəyannaməsi”nin digər ölkələri də qoşulub və bu məqam iclasın yekun sənədində də əks olunub.