05 dekabr 2024 11:46
284

Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququ mövzusunda panel keçirilib

Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış mövzusunda panel keçirilib.

“İki sahil” xəbər verir ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə mövzu ilə bağlı tarixi və hüquqi məsələlər müzakirə edilib.

Panelin moderatoru millət vəkili Fariz İsmayılzadə müzakirə olunacaq istiqamətlər barədə məlumat verib və çıxışçıları təqdim edib.

Pakistan Hüquq və Ədalət Komissiyasının katibi Riffat İnam Butt qayıdış hüququ və bu tip məsələlərin həlli istiqamətində vətəndaş cəmiyyətlərinin fəaliyyətinə dəstəyin zəruriliyini qeyd edib: “Vətəndaş cəmiyyətlərinin fəaliyyətinə çox dəstək vacibdir. Çünki mədəni irsin qorunmasında onların rolu böyükdür. Azərbaycan beynəlxalq hüquqa uyğun olan əsaslanan təkliflərlə çıxış edir. Sülhün təmin olunmasında bunlar nəzərə alınmalıdır”.

Paneldə Frankfurt Universitetinin müəllimi dr. Michael Hess, Roma Sapienza Universitetinin Beynəlxalq Hüquq üzrə əməkdaşı dr. Valentina Chabert, Suxumi Dövlət Universitetinin professoru, politoloq, tarixçi Quram Marxulia, Qrinsboro Universitetinin Sülh və Münaqişələrin Tədqiqatları Departamentinin professoru Əli Əsgərov qayıdış hüququnun əhəmiyyəti, tarixi faktlar, bu günün reallığında siyasi əlaqələrin necə tənzimlənməsi barədə fikirlərini bölüşüblər.