Biz dünya üzrə qaçqınların sayının artmasını dərin narahatlıq və üzüntü ilə izləyirik. Qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi silahlı münaqişələrin yaratdığı ağır nəticələr səbəbindən öz doğma torpaqlarını tərk etməyə məcbur olub. Bir sıra hallarda silahlı münaqişələrin məhz etnik təmizləmə məqsədilə törədildiyi unudulmamalıdır. Belə acı nümunələrdən biri də Ermənistanın əməlləridir.
“İki sahil” xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Ermənistan öz ərazisində azərbaycanlıların hamısını ata-baba yurdlarından çıxarıb və bu gün Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənistan qəbiristanlıqlarımızı, mədəni və dini abidələrimizi məqsədyönlü şəkildə məhv edərək, maddi və qeyri-maddi mədəni irsimizə ciddi zərbə vurub. Adət-ənənələrimiz, sosial bağlarımız və həyat tərzimiz böyük ziyan görüb.
"Ermənistan ölkə ərazisindəki Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir. Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik", - deyə o vurğulayıb.