05 dekabr 2024 10:16
231

İcma sədri: Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir

Ermənistan ölkə ərazisində Azərbaycan mədəni irsinin vəziyyətinin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir.

“İki sahil” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” II beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür:

"Ermənistanın monoetnik cəmiyyət yaratmaq siyasəti bölgənin zəngin etnik və dini müxtəliflik ənənələri və tarixi ilə ziddiyyət təşkil edir. Bu tarixi faktları sadalamaqda məqsədimiz ixtilafı davam etdirmək deyil, ədalət, sülh və barışıq yolunda apardığımız mübarizənin başlanğıc nöqtəsini izah etməkdir. Biz doğma torpaqlarımıza sülh yolu ilə qayıtmaq məqsədinə sadiqik və beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edirik".

İcma sədri bildirib ki, bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır:

"Biz inanırıq ki, ədalətin bərpası və bölgədə davamlı sülhün qurulması yalnız qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin edilməsi ilə mümkündür. Bu prosesdə beynəlxalq ictimaiyyətin dəstəyi əvəzolunmazdır".

Ə.Ələkbərli vurğulayıb ki, Ermənistan hökumətinin konstruktiv dialoqa hazır olmaması məsələni çətinləşdirir:

"Buna baxmayaraq, sülh və dialoq prinsipləri əsasında haqq işimizi davam etdirməkdə qərarlıyıq".