Azərbaycan digər ölkələr kimi artan tələbat və məhdud resurslar fonunda davamlı su təchizatını təmin etmək üçün çətinliklərlə üzləşir. Bu problemə perspektiv həllərdən biri Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kontekstində dövlət-özəl tərəfdaşlıqların potensialıdır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) müşaviri Əsəd Şirinov Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Su ehtiyatlarının idarə edilməsində dövlət-özəl tərəfdaşlıqlarının rolu” mövzusundakı panel sessiyada bildirib.
Ə.Şirinov qeyd edib ki, COP29-da Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi iqlim problemlərinə cavab olaraq “Su və Davamlı İnkişaf”, “Davamlı Su Resurslarının İdarə Edilməsində İnnovativ Yanaşmalar” və duzsuzlaşdırma xüsusilə vurğulanmaqla alternativ su mənbələrinin əhəmiyyətini qabardıb. Onun sözlərinə görə, su qıtlığı qlobal bir problemdir və bir çox ölkəyə təsir edir.
“İqlim dəyişikliyi ilə əlaqədar temperaturun yüksəlməsi, qeyri-müntəzəm yağıntılar və artan buxarlanma Azərbaycanın su ehtiyatlarını daha da azaldır. Azərbaycan yarımsəhra iqlimində yerləşdiyindən məhdud su resurslarına malikdir və əsasən qonşu ölkələrdən (Gürcüstan, Türkiyə, Ermənistan) gələn Kür və Araz çaylarından asılıdır. Bu, Azərbaycanı suyun keyfiyyəti və axını baxımından həssas edir. Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su idarəçiliyində dövlət qurumları və özəl şirkətlərin su xidmətlərinin təmini, infrastrukturun yaxşılaşdırılması və davamlı su həllərinin həyata keçirilməsi üçün birgə çalışdığı bir yanaşmadır. Bu model, qlobal səviyyədə su qıtlığının, köhnəlmiş infrastrukturun və iqlim dəyişikliyinin artırdığı tələbatla daha da aktuallaşıb”, - deyə Ə.Şirinov vurğulayıb.
Onun sözlərinə görə, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi Azərbaycanın su qıtlığı problemini həll etmək məqsədini daşıyan irimiqyaslı təşəbbüsdür. Layihənin əsas məqsədi Xəzər dənizinin duzlu suyunu qabaqcıl duzsuzlaşdırma texnologiyaları vasitəsilə içməli suya çevirməkdir: “Dövlət-özəl tərəfdaşlıqları Azərbaycanın su qıtlığı problemini həll etmək üçün əhəmiyyətli bir həll yolu ola bilər. Düzgün planlaşdırma, güclü tənzimləmə çərçivələri və icmanın iştirakı ilə DÖT-lərin üstünlüklərini maksimuma çatdırmaq mümkündür”.
Daha sonra İstanbul dövlət-özəl tərəfdaşlıq omitəsinin sədri Eyüp Vural Aydın, AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin Özəl Sektorun İnkişafı üzrə Regional Rəhbəri Enriko Pinali Azərbaycan iqtisadiyyat nazirliyinin layihə idarəetmə şöbəsinin müdiri Zamir Dibirov çıxış edərək bildiriblər ki, dünyada su ehtiyatları gedərək azalır. Dünyada 1 milyarda yaxın insanın təmiz su ehtiyacının qarşılanmadığını deyən tədbir iştirakçıları qeyd edib ki, mövcud resurslardan ağıllı istifadə etmək lazımdır. Qeyd olunub ki, dövlət-özəl tərəfdaşlıqları ötən il Özbəkistanda su resursları üçün 5 milyard dollara yaxın investisiya qoyub. Əlavə olunub ki, su probləmini həlli üçün özəl maliyyələşməyə ehtiyac var. İştirakçılar qeyd edib ki, 15-10 il ərzində bir çox ölkələrdə su problemləri yaşanacaq.
Sonda panel sessiya müzakirələrlə davam edib.