14 noyabr 2024 14:12
92

Sənəd layihəsinin ilk versiyasını COP29-da mümkün qədər tez hazırlamağa çağırırıq - Yalçın Rəfiyev

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə saziş layihəsinin hazırlanması və Bakıda təqdim edilməsi ilə bağlı çağırış edib.

“İki sahil” xəbər verir ki, o, bu barədə COP29-un mətbuat konfransında bildirib.

"COP29-da biz NCQG üzrə əlaqələndirici qrupun həmsədrləri - Avstraliyadan olan Fiona Gibbert və Cənubi Afrikadan olan Zahir Fakir ilə sıx əməkdaşlıq edirik. Biz onların hər ikisinə il ərzində səylə işlədiklərinə və işə sadiqliklərinə görə minnətdarıq. Biz həmsədrləri üç illik texniki proses ərzində ilk dəfə olaraq müzakirə üçün işçi əsas kimi sənəd layihəsinin ilk versiyasını COP29-da mümkün qədər tez hazırlamağa çağırırıq", - o bildirib.

O qeyd edib ki, bu sənəd hətta belə formada mümkün razılaşma nöqtələrinin müzakirəsinə, eləcə də problemlərin müəyyənləşdirilməsi və həllinə kömək edəcək mühüm addımdır.

"Bununla belə, mətnin layihəsi təkmilləşdirilməlidir. Müzakirə edilməli olan bir çox variantlar var və biz müxtəlif fikirləri eşitmək istəyirik. Hər kəsin öz mövqeyini bildirmək imkanı olacaq və biz bütün iştirakçıların reaksiyasını eşitmək istəyirik", - Y.Rəfiyev qeyd edib.