13 noyabr 2024 17:04
102

COP29 çərçivəsində gender innovasiyalarının iqlim dayanıqlığı mövzusunda müzakirələr olub

COP29 çərçivəsində Yaşıl Zonada “Dəyişikliyin Gücü: Gələcək Təkmilləşdirmələr üçün Gender İnnovasiyalarının İqlim Dayanıqlılığı” mövzusunda sessiya keçirilib.

“İki sahil” xəbər verir ki, sessiyaya BƏƏ-dən olan “The National” jurnalının ətraf mühit üzrə redaktoru Reyçel Kelli moderatorluq edib.

Təqdimatla çıxış edən “Pula” şirkətinin təsisçisi Rouz Qoslinqa yaşıl iqtisadiyyatın inkişafında fermerlər üçün ekoloji sığortanın mühüm rolunu qeyd edib.

“Cənubi Afrika hər il çox isti olur, lakin yağışlar hər şeyi tənzimlədi. Amma bu il yağış olmayıb, nəticədə bütün ərazi quraqlığa məruz qalıb. Zambiyada əhalinin 32 faizi iqlim sığortasına malikdir. Afrika və Asiyadan olan 5 milyon fermer şirkətimizin sayəsində kənd təsərrüfatının inkişafına 20 milyon dollar sərmayə qoyub. Onların hamısı ekoloji fəlakətlərdən də sığortalanıb. “Pula” hazırda Keniya, Ruanda, Nigeriya, Uqanda, Efiopiya və Malavidə sığorta proqramı ilə fəaliyyət göstərir. Düşünürəm ki, əgər yaşıl iqtisadiyyata keçiddən danışırıqsa, kənd təsərrüfatını diqqət mərkəzində saxlamaq çox vacibdir”, -deyə o əlavə edib.

Sessiya zamanı çıxış edən “Kesk” şirkətinin baş direktoru və qurucusu Basima Abdulrahman öz kompaniyası haqqında məlumat verib: “Kesk” İraqda binaların və icmaların planlaşdırılması, inşası, saxlanması və istismarı üsullarını dəyişdirən yaşıl tikinti xidmətləri və məhsulları təklif edir. Bəzən həyatda insanı yaradıcı olmağa ruhlandıran yaxşı və ya o qədər də yaxşı olmayan şeylər olur. Hesab edirəm ki, insanlar istənilən şəraitdə təbiəti qorumağa davam etməklə yanaşı, yeniliyə can atmalıdırlar”.

“Kök” şirkətinin baş direktoru və qurucusu Semi Hakim çıxışında qeyd edib ki, kənd təsərrüfatı ilə məşğul olan şirkətlərə sərmayə qoyulmalıdır. O əlavə edib: “Məsələn, İstanbulda biz bunun çox şahidi oluruq”.

Beynəlxalq Ticarət Mərkəzinin nümayəndəsi Vanessa Eroqboqbo COP29-da üçüncü gündür iştirak etdiyini və aldığı enerjinin çox müsbət olduğunu qeyd edib. “Yaxşı xəbər odur ki, bu platformada artıq COP30-a ev sahibliyi edəcək Braziliya ilə Azərbaycan arasında körpü var. Son 10 ilin araşdırmalarını müqayisə etsək görərik ki, biznes sahibi qadınların sayı indikindən dəfələrlə azdır. Sonra hər kəs biznes sektoruna gender balansı gətirmək üçün işə başladı. İndi qarşımızda duran əsas vəzifə yaşıl biznesə dəstək verməkdir. Beləliklə, istehsalı azaltmadan planetimizi qorumaq üçün əməkdaşlıq etməliyik”, -deyə o əlavə edib.