“Bu gün iqlim böhranının ön cəbhəsində olan ölkələrin yanında durmağa qərarlıyıq. Sabahın imkanlarını dəyərləndirmək istəyirik”.
“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitində çıxışı zamanı bildirib.
Kir Starmer qeyd edib ki, hazırda iqlim dəyişikliyi ilə bağlı atılan addımlar iqtisadi inkişaf yoludur. Baş nazir əlavə edib ki, sentyabrın sonunda Böyük Britaniyanın kömürlə işləyən sonuncu elektrik stansiyası bağlanıb və beləliklə, ölkə G7 iqtisadiyyatları arasında kömür enerjisindən imtina edən ilk dövlət olub. O deyib ki, bu COP28-də fosil yanacaqlardan keçid barədə beynəlxalq razılaşma və Böyük Britaniyanın 2030-cu ilə qədər təmiz enerji təmin edən ilk böyük iqtisadiyyat olmaq məqsədinə uyğundur.
K. Starmer Böyük Britaniyanın 2035-ci ilə qədər beynəlxalq hədəfini də təsdiqləyib. O, 1990-cı illə müqayisədə istixana qazı tullantılarını ən azı 81 faiz azaltmaq üzrə milli səviyyədə müəyyən edilmiş öhdəliyini elan edib.