06 noyabr 2024 01:57
275

Xalqa qələbə və qürur yaşadan şanlı ordumuz

Azərbaycanın Silahlı Qüvvələri nəinki regionumuzda, hətta dünyada ən güclü ordulardan biri sayılır

1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü siyasətin  aparılmasına şərait yaratdı. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf siyasətini əzmlə həyata keçirən Prezident İlham Əliyev bu kursun prioritetinə uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün, suverenliyinin bərpasını ən ali məqsəd kimi müəyyənləşdirmişdi. Son 21 ildə ölkədə həyata keçirilən davamlı ordu quruculuğu nəticəsində Azərbaycan Ordusu gücələnərək dünyanın ən müasir ordularından birinə çevrilmişdir.

Ordumuz düşmən üzərindəki gücünü, üstünlüyünü hələ 2016-cı ildə 4 günlük Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında bütün dünyaya nümayiş etdirmişdi. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi təxribatlarına qarşı başlanan və tarixə "Dəmir yumruq" əməliyyatı kimi yazılan 44 günlük Vətən müharibəsi zamanı da ordumuz yalnız irəli gedir, hər gün yeni əraziləri işğaldan azad edir, qəhrəman əsgər və zabitlərimizin mübarizəsi sayəsində Azərbaycan Bayrağı azad olunan kənd, qəsəbə və şəhərlərimizdə dalğalanırdı. 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Rəşadətli ordumuz 44 gün ərzində döyüş meydanında düşmənə layiqli dərs verərək torpaqlarımızı düşmən tapdağından azad etdi. Torpaqlarımızın erməni işğalından azad edilməsinin ən mühüm səbəblərindən biri də ölkəmizdə uğurla inkişaf etdirilən ordu quruculuğu siyasəti bu sahədə davamlı islahatların aparılmasıdır və görülən işlərin effektivliyi idi.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də qarşı tərəf hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək yenə də tez-tez Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur, təxribatlar törədirdi. Separatçılar Laçın rayonunun Zabux, Sus və başqa kəndlərindən çıxmırdılar. Görünür, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyəti, ağır itkiləri ermənilərə yaxşı dərs olmamışdı. Deməli, yenə də düşmənə layiq olduğu yeri göstərmək lazım idi. Revanşistləri məhv etmək, mövqelərimizdən geri oturtmaq üçün 12 sentyabr 2022-ci ildə ordumuz uğurlu "Qisas" əməliyyatına başladı. Ermənistan ordusuna bir-birinin ardınca güclü zərbələr endirildi. Ağır itkilərə məruz qalan düşmən bir günün içində dayandığı mövqelərdən geri çəkilmək məcburiyyətində qaldı. Əlverişli yüksəkliklər, həmçinin Laçın rayonunun Ermənistanın şərti sərhədlərinə yaxın olan kəndləri işğalçılardan azad edildi. 12 sentyabr 2022-ci il tariximizə "Qisas" əməliyyatının keçirildiyi gün kimi yazıldı. 

Həmişəki rəzil məqsəd və niyyətlərindən əl çəkməyən, hələ də xam xəyallarla yaşayan  separatçılar yenə də gizli yollarla Qarabağa silah-sursat daşıyır, bu gözəl diyarda miskin varlıqlarını uzatmağa çalışırdılar. 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular.

2023-cü ilin noyabrın 8-də Xankəndi şəhərində keçirilmiş Zəfər paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev Xankəndidəki Zəfər meydanında xalq, ordu, dövlət birliyinin təcəssümünü və böyük Qələbəni təsdiqlədi. Qarabağda ucalan azadlıq Bayrağı isə müzəffər ordumuzun şərəf əsəri, milli kimlik simvolu kimi dəyərləndirilir.

Bu gün Azərbaycan Ordusu Qafqazda ən müasir ordu hesab olunur. MDB çərçivəsində Azərbaycan ən güclü hava hücumundan müdafiə qüvvələrinə malik ölkələrdən sayılır. Eyni zamanda, dost və qardaş ölkələrlə imzalanmış sənədlərə əsasən, birgə təlimlər də keçirilir. Bu cür təlimlərin keçirilməsi birgə fəaliyyətlərin planlaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.Bu təlimlərdə ssenariyə uyğun olaraq hərbçilər müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra olunur. Birgə təlimdə əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətlərinə, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilir.Təsdiq olunmuş plana əsasən bu ilin iyun ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə "Qafqaz Qartalı - 2024" birgə təlimi keçirilib. Təlimin planına uyğun olaraq, hərbçilər müxtəlif döyüş tapşırıqlarını yerinə yetiriblər. Ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə xüsusi təyinatlılar şərti düşmənin yerləşmə məntəqəsinə qəfil basqın icra ediblər. Düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də canlı qüvvəsi zərərsizləşdirilib. Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

"Qafqaz Qartalı-2024" beynəlxalq təlimində Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyi bacarıb, təlim dostluq, yoldaşlıq və qardaşlıq şəraitində keçirilib. Sentyabrın 10-da isə Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub. Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir.

Göründüyü kimi,Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Bunun qanunauyğun nəticəsi kimi, Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib.

Yaqut Ağaşahqızı, “İki sahil”