"Şükür Allaha, zəhmətimiz yerdə qalmadı, Azərbaycanı layiqincə təmsil etdik".
“İki sahil” xəbər verir ki, bunu Albaniyanın paytaxtı Tiranada keçirilən qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatında qızıl medal qazanaraq Vətənə dönən Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli (63 kq) jurnalistlərə açıqlamasında deyib.
O, dünya çempionu olduğuna görə sevincli olduğunu bildirib: “Mundialdan öncə özümə inanırdım. İlk dəfə dünya arenasında 63 kq çəki dərəcəsində çıxış edirdim. Bunun çətin olacağını bilirdim. Lakin bütün görüşlərə hazır idim. Şükür Allaha, zəhmətimiz yerdə qalmadı, Azərbaycanlı layiqincə təmsil etdik. Mən və komanda yoldaşlarım uğurlu nəticələr əldə etdik".
“Avropa çempionatında olimpiya çəkisi ilə, 60 kq-da qalib gəldim. Növbəti hədəfim olimpiya oyunlarına vəsiqə qazanmaq olacaq", - 22 yaşlı idmançı qeyd edib.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında həm də 85 xal toplamaqla komanda hesabında birinci olub.
N.Məmmədli bundan əvvəl fevralın 18-də Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.