27 oktyabr 2024 13:05
615

“Gürcü Arzusu” Qərbin arzusunu gözündə qoydu - TƏHLİL

Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı olub

Gürcüstan Mərkəzi Seçki Komissiyası 26 oktyabrda ölkədə keçirilən parlament seçkilərinin ilkin nəticələrini elan edib. Səsləri hesablanmış 2 176 seçki məntəqəsinin ilkin nəticələrinə əsasən, kənardan müdaxilə cəhdlərinə baxmayaraq, parlament seçkilərində “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası səslərin 52,988 faizini qazanıb. Bununla da Gürcüstan xalqa xidmət edən hökumətə səs verməklə ölkəni gözləyən fəlakətlərə, onu müharibəyə sürükləyənlərə öz yerini göstərib. Yəni , Gürcüstan xalqı müharibəyə, daxili qarşıdurmaya, milli-mənəvi dəyərlərin deqradasiyasını deyil, sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin təntənəsini dəstəkləyib. Bu həm də “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi olduğunu bir daha sübut edib. 

Soydaşlarımızın yaşadığı bütün regionlarda səs faizi yüksək olub

Qeyd edək ki, bu seçki prosesində soydaşlarımız da fəallıq göstəriblər. Belə ki, Gürcüstanda 300 min azərbaycanlı yaşayır ki, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı olub.
Məlumat üçün bildirək ki, ikinci yerdə 11,199 faizlə “Dəyişikliklər üçün Koalisiya”, üçüncü yerdə isə səslərin 9,805 faizini toplayan “Vahid Milli Hərəkat” yer alıb. “Güclü Gürcüstan” partiyası seçicilərin 9,04 faizini, “Qaxaria - Gürcüstan üçün” partiyası isə 8,243 faizini səsini qazana bilib.
Son dövrlərdə Gürcüstan parlamenti tərəfindən qəbul edilən qanunlar Qərb siyasi dairələrini qane etmirdi. Xüsusilə QHT-lərin maliyyə fəaliyyətini şəffaflaşdırmaq məqsədilə Gürcüstan parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin qəbulunu, həmçinin Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhə açmaq istəməməsini Qərb, o cümlədən Amerika həzm edə bilmirdi. Elə bu səbəbdən Qərb Gürcüstana maliyyə yardımlarını  dondurmaqla, bu ölkənin rəsmilərinə qarşı viza sanksiyaları tətbiq etməklə, üstəlik, Avropa İttifaqına inteqrasiya prosesi üzrə müzakirələri tamamilə dayandırmaqla yanaşı, radikal müxalifətin əli ilə “rəngli inqilab”a, yəni mövcud hakmiyyəti devirməyə, sözəbaxanları hakimiyyətə gətirməyə cəhd göstərirdi.  Bununla da Cənubi Qafqazda vəziyyəti daha da gərginləşdirməyə çalışırdılar. 

Bir məsələni də xüsusi olaraq vurğulayaq ki, artıq Çənubi Qafqazda Ermənistanı ram edən Qərb Azərbaycana qarşı təzyiq mexanizmində Gürcüstandan da yararlanmaq niyyətində idi. Daha doğrusu, Qərb Gürcüstan vasisətəsilə də Azərbaycana təsir  göstərmək istəyirdi. Şübhəsiz, seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbə vurdu.  Bununla Gürcüstan həm də Qərbin qarşısında əzilib-büzülən, onun dedikləri ilə oturub-duran Ermənistana əməlli-başlı dərs vermiş oldu.

Seçkilərin nəticələri Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına töhfə verəcək

Artıq Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənin aparıcı siyasi qüvvəsi olan “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qələbəsi münasibətilə dünyanın bir sıra ölkələrinin liderləri Gürcüstana təbrik məktubları göndəriblər. Azərbaycan Prezidenti də onların sırasındadır. Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə ünvanlanan həmin məktubda deyilir ki, bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər: “İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir”. 
Dövlətimizin başçısı, həmçinin seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib: “Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm. Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik”.

Şübhəsiz, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasında əsas faktor rolunu oynayan  “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının bu qələbəsi ölkəmiz üçün də  mühüm əhəmiyyət kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, Gürcüstan ölkəmizin  müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə, 1997-ci ildə Prezident Eduard Şevardnadzenin Bakıya səfərləri çərçivəsində imzalanan sənədlər iki qardaş ölkə arasındakı münasibətlərə yeni çalarlar əlavə edib. Gürcüstan ölkəmizdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən neft strategiyasına, eləcə də digər regional layihələrə (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) də öz töhfəsini verib. Bu ilin mart ayında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri çərçivəsində iki ölkə liderlərinin mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev bu kimi məsələlərə toxunmuş, ölkələrimizin yeni layihələr, o cümlədən yaşıl enerji layihəsi üzərində işlədiyini bildirmişdi. Dövlətimizin başçısı əlavə etmişdi ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır və iki etibarlı tərəfdaş kimi çıxış edir. Bu gün Gürcüstan-Azərbaycan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi  də bunun sübutudur.

Qvami Məhəbbətoğlu, “İki sahil”