18 oktyabr 2024 22:51
105

Ömrünün 45 ilini neft sənayesinə həsr etmiş energetik

Həyatda hər bir insanın ucalmaq şansı olur. Ancaq bunun üçün gərək çalışasan, əməyə qatlaşasan, çətinliklərə sinə gərməyi bacarasan. Çəkdiyi zəhmət ağıla söykənəndə insan daha mənalı ömür yaşayır, layiq olduğu uğurlara çatır. Ömrünün 45 ilini Azərbaycanın iqtisadi yüksəlişinin qarantına çevrilən neft strategiyasına sərf etmiş Fəxrəddin Qəhrəman oğlu Məmmədov da belələrindəndir.

Gözəl bir bahar günündə anadan olan Fəxrəddin Məmmədov 45 illik əmək fəaliyyətini xoş ovqatla yola salır. 1962-ci ildə Beyləqan  rayonunun İkinci Şahsevən kəndində müəllim ailəsində anadan olan Fəxrəddin orta məktəbi bitirdikdən sonra Bakı şəhərinə təhsil almaq üçün yollanır. Həmin il, 1979-cu ildə axşam təhsili almaq üçün Suraxanı neft-maşınqayırma (keçmiş Dzerjinski adına neft-maşınqayırma) zavodunda çilingər, 1980-ci ildən isə elektrik montyoru kimi  əmək fəaliyyətinə başlayır. Yeniyetmə yaşlarından əməyə, zəhmətə qatlaşan Fəxrəddin Məmmədov Neft texnikumuna (indiki ADNSU-nun nəzdində Bakı Neft-Energetika Kolleci) daxil olur,  energetika ixtisası üzrə axşam fakültəsini bitirir. Texnikumda təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanır. Hərbi xidmətdən qayıdan Fəxrəddin Məmmədov 1984-cü ildə Azərbaycan Neft Kimya İnstitutunun (indiki ADNSU) energetika fakültəsinə  daxil olur. Uşaqlıqdan energetika sahəsinə maraq göstərən Fəxrəddin Məmmədov ali məktəbi yüksəkixtisaslı, savadlı mütəxəssis kimi elektrik sistemləri ixtisası üzrə başa vurur və SOCAR-ın “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsində (indiki "Surakhani Oil Operating Company S.A." şirkəti) əmək fəaliyyətinə başlayır. Fəxrəddin müəllim ilk əmək fəaliyyətini belə xatırlayır: “Elə bilirdim ki, ali təhsil alıb təyinatla hara göndərsələr, dərhal mənə bir vəzifə verəcəklər. Sən demə, yanılmışam, əsl ali məktəb hələ qabaqda imiş. “Suraxanıneft”də sorğu-sualsız mənə elektrik montyoru işləyəcəyimi deyəndə məəttəl qaldım. Geriyə yol yox idi. Zəhmətə qatlaşacaqdım. Axı, gələcəyim irəlidə idi”. Gənc yaşlarından işinin məsuliyyətini anlayan Fəxrəddin Məmmədov peşəsinin ağırlığını dərindən hiss edib, həyatını işinə, neft-qaz yataqlarında qurğuların fasiləsiz işləməsinin təmin olunmasına bağlayır, mənalı ömür yolu keçir. Verilən tapşırıqlara məsuliyyətlə yanaşmağı, özünə qarşı tələbkarlığı onu daim irəli aparır. İşlədiyi  qısa müddətdə özünü bacarıqlı və işgüzar bir işçi kimi tanıtmağı bacaran Fəxrəddin Məmmədov çox keçmədən rəhbərliyin təqdimatı ilə “Suraxanıneft” Neft və Qazçıxarma İdarəsinin  elektrik  avadanlıqları sexinin rəis müavini vəzifəsinə irəli çəkilir. Neft-qaz quyularının qazılması işlərinin fasiləsiz aparılmasında, qazma obyektlərinin mexanika  təsərrüfatlarında qurğu və avadanlıqların təhlükəsiz istismarının təşkilində, müasir texnika və texnologiyaların qazma qurğularına tətbiqi sahəsinin inkişafında yorulmadan çalışır.

İşgüzarlığı, əməksevərliyi, əldə etdiyi zəngin istehsalat təcrübəsi və təşkilatçılıq bacarığı onun 1998-ci ildə Suraxanı Neft və Qazçıxarma İdarəsində baş energetik vəzifəsinə yüksəlməyi üçün zəmin yaradır. Fəxrəddin Məmmədov həmişə zəhmətsevərliyi və prinsipiallığı ilə ona bəslənilən etimadı doğruldur.

O dövrdə, 2006-cı ildə “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında 3 noyabr 2006-cı il tarixində imzalanmış Sazişə əsasən, yeni yaradılmış “Absheron Operating Company Limited” şirkətində peşəkar, işinin bilicisi, savadlı kadrlara ehtiyac duyulur. Beləcə, Fəxrəddin müəllim iş yerini dəyişmək qərarına gəlir və 2007-ci ildə ”Absheron Operating Company Limited” şirkətində əvvəlcə şəbəkə rəisi, daha sonra elektrik avadanlıqları sexinin rəisi vəsifələrində çalışır. O, harada çalışmağından asılı olmayaraq işlədiyi kollektivdə dərin hörmət qazanmağı bacarıb. İnsanlarla işləmək, onlara qayğı ilə yanaşmaq, diqqət göstərmək, onların problemlərinin həlli üçün əlindən gələni əsirgəməmək Fəxrəddin müəllimi səciyyələndirən ümdə xüsusiyyətlərdəndir. İxtisasını dərindən bilməsi, indiyədək əldə etdiyi bilik və bacarıq, istehsalat təcrübəsi, təşkilatçılıq qabiliyyəti onun 2022-ci ildə bu şirkətdə energetika üzrə menecer vəzifəsinə təyin olunmasında böyük rol oynadı.

Təvazökar, qayğıkeş, səmimi insan olan Fəxrəddin Məmmədov bu gün də yorulmaq bilmədən həmin vəzifədə fəaliyyətini uğurla davam etdirir. O, texnoloji qurğuların əsasını təşkil edən mexanika və energetika avadanlıqlarının təchizatı, təmiri və istismarını əhatə edən ağır bir sahənin aparıcı kadrlarındandır. Fəxrəddin müəllim neft və qaz yataqlarında hasilatın yüksəldilməsi ilə əlaqədar tədbirlərin yerinə yetirilməsi  üçün  mexanikaya aid məsələlərin həllində yaxından iştirak edir, bu sahədə gənc kadrların hazırlanması üçün öz elmi-təcrübi  biliyini əsirgəmir. Fəxrəddin Məmmədovun əməyi hər zaman diqqət mərkəzində olub, neft sənayesinin inkişafındakı fəaliyyəti yüksək dəyərləndirilib. O, neft-qaz sənayesində səmərəli fəaliyyətinə görə “Absheron Operating Company Limited” şirkətinin Fəxri fərmanına layiq görülüb.

Fəxrəddin müəllim bu gün də neft-qaz sənayesinin inkişafı naminə yorulmadan çalışır. O, ömür kitabını hələ yazmaqdadır. Artıq bu kitabın qayğıkeş ata, savadlı energetik, peşəkar kadr kimi fəsilləri hazırdır. Özünün dediyi kimi, ömür vəfa etsə, bu kitaba yeni-yeni fəsillər daxil ediləcək.  

Qarşıdan 20 oktyabr - Energetiklər Günü gəlir. İyirmi ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. 43 il əvvəl, 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verildi, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyuldu. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi milli elektroenergetika salnaməmizin daha bir parlaq səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir. Bu əlamətdar gün münasibəti ilə Azərbaycanda bütün sahələrdə, xüsusilə neft-qaz sektorunda çalışan energetiklərin təbrik edir, dövlətimizin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, respublikamızın daha işıqlı gələcəyi naminə həyata keçirdiyi məsuliyyətli və şərəfli işlərində onlara yeni-yeni uğurlar diləyirik. 

Zamin Məmmədov, "İki sahil"